İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye zonaları investor və sahibkarlar üçün müasir infrastruktur, əlverişli biznes mühiti və rəqabətqabiliyyətli investisiya üstünlükləri təqdim edir.
Sənaye parklarında bütün zəruri infrastruktur dövlət hesabına qurulur, rezidentlər isə 10 il müddətinə vergi və gömrük güzəştlərindən yararlanırlar.
Strateji logistika imkanları və nəqliyyat bağlantıları istehsal və ixrac proseslərinin daha səmərəli təşkilinə şərait yaradır, “bir pəncərə” sistemi isə xidmətlərin operativ və rahat şəkildə həyata keçirilməsini təmin edir.
Azərbaycan Respublikasının bir çox dövlətlərlə imzaladığı ikitərəfli Azad Ticarət Sazişləri rezident müəssisələrin xarici bazarlara çıxış imkanlarını genişləndirir və ixrac potensialını artırır.
Bununla yanaşı, İqtisadi Zonaların İnkişafı Agentliyi Peşə Təhsil Mərkəzində sənaye müəssisələrinin ehtiyaclarına uyğun ixtisaslı kadr hazırlığı həyata keçirilir, əmək bazarının tələblərinə cavab verən peşəkar insan resurslarının formalaşdırılmasına dəstək göstərilir.
Sənaye zonaları — dayanıqlı istehsal, innovativ yanaşma və güclü investisiya mühiti deməkdir.