Özbəkistan Prezidenti SOCAR və “British Petroleum” şirkətlərinin rəhbərlərini qəbul edib

2026.05.13 18:15 (UTC+04:00)

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycanın SOCAR şirkətinin rəhbəri Rövşən Nəcəfi, həmçinin “British Petroleum” şirkətinin rəhbərləri Ariel Flores və Covanni Kristofolini qəbul edib.

Bu barədə Özbəkistan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Görüş zamanı energetika və neft-qaz sahələrinin liderlərindən olan bu aparıcı şirkətlərlə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi məsələləri nəzərdən keçirilib.

Energetika sahəsində uğurlu kooperasiya məmnunluqla qeyd olunub. SOCAR şirkəti “Üstyurd” platosunda karbohidrogen yataqlarının işlənməsi layihəsinin icrasında Özbəkistanın tərəfdaşıdır. SOCAR-ın Özbəkistanda nümayəndəliyinin açılması barədə qərar qəbul edilib.

Britaniyanın “British Petroleum” şirkətinin bu irimiqyaslı layihəyə qoşulmasına yüksək qiymət verilib.

Karbohidrogen xammalının kəşfiyyatı, hasilatı və dərin emalı, neft və neft məhsullarının uzunmüddətli tədarükünün yaradılması, habelə sahə üzrə kadrların hazırlanması istiqamətində birgə layihələrin icrasının vacibliyi vurğulanıb.