Portuqaliyada kişilərə və qadınlara bərabər əməkhaqqı ödənilməsinə istiqamətlənmiş "Mən bərabər hüquqlara layiqəm" kampaniyası başlayıb. Kampaniya sentyabrın birinci yarısında radio, televiziya və onlayn-mətbuat tərəfindən geniş işıqlandırılacaq.
Əmək və məşğulluqda bərabərlik məsələləri üzrə Komissiyanın və bərabər əməkhaqqı haqqında qanunun qüvvəyə minməsinin 40-cı ildönümü çərçivəsində aparılan bu kampaniya "Bərabər əməyə görə bərabər əməkhaqqı, yaxud əməyin bərabər dəyərləndirilməsi" prinsipinin reallaşmasına, ictimaiyyətin, habelə əməkçilərin və işəgötürənlərin öz hüquq və öhdəlikləri barədə məlumatlılıq səviyyəsinin artırılmasına yönəldilib.
Hökumətdən bildiriblər ki, bərabər əməkhaqqı barədə qanun, habelə Əmək Məcəlləsinə düzəlişlərin təsdiq və qəbul edilməsi təkcə əməkhaqqı sahəsində ayrı-seçkiliyə və sabitsizliyə qarşı mübarizə nöqteyi-nəzərindən deyil, həm də daha ədalətli və inklyüziv əmək bazarının yaradılması baxımından əhəmiyyətli addımdır.