Azərbaycan, Qazaxıstan və Özbəkistan “Yaşıl dəhliz” layihəsinin inkişafını müzakirə ediblər

2026.05.13 11:39 (UTC+04:00)

Daşkənddə keçirilən UEW 2026 Beynəlxalq Enerji Forumu çərçivəsində Qazaxıstan, Özbəkistan və Azərbaycanın energetika qurumlarının nümayəndələri arasında üçtərəfli görüş keçirilib.

Qazaxıstan Energetika Nazirliyinin məlumatına görə, tərəflər üç ölkə arasında “yaşıl” enerjinin istehsalı və ötürülməsinin inkişafına yönələn “Green Corridor Alliance” layihəsinin icrasının cari vəziyyətini müzakirə ediblər.

Layihə bərpa olunan enerji mənbələrinin potensialından səmərəli istifadəni, sistemlərarası enerji əlaqələrinin inkişafını, habelə “yaşıl” elektrik enerjisinin Avropaya və digər regionlara ixracı üçün şəraitin yaradılmasını nəzərdə tutur.

Mərkəzi Asiya və Cənubi Qafqazın enerji sistemlərinin inteqrasiyası üçün zəruri olan mövcud enerji infrastrukturunun genişləndirilməsi və yeni elektrik ötürücü xətlərinin inkişafı məsələlərinə xüsusi diqqət yetirilib.

Görüş iştirakçıları layihənin təşviqi və transregional “yaşıl” enerji dəhlizinin inkişafı üzrə birgə fəaliyyətlərin əlaqələndirilməsinin davam etdirilməsində maraqlı olduqlarını təsdiqləyiblər.