İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Oxford Universitetində təqdimat edib

2019.09.04 12:43 (UTC+04:00)

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Rəşad Hüseynov Böyük Britaniyanın Oxford Universitetində təşkil edilən 2-ci "Creative Spark" (Kreativ Qığılcım) layihəsi çərçivəsində keçirilən konfransda iştirak edib.

R.Hüseynov konfrans zamanı əməkdaşlıq dövründə proqrama uyğun olaraq, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "Enterprise Azerbaijan" portalı ilə Böyük Britaniyanın Newcastle Universitetinin birlikdə həyata keçirdikləri işlər barədə təqdimatla çıxış edib. Bildirib ki, gənclər arasında innovativ sahibkarlığı və müəssisə idarəetmə təfəkkürünü formalaşdırmaq üçün mütəmadi olaraq "Enterprise Azerbaijan" portalının dəstəyi ilə həm sahibkarlara, həm də pilot olaraq seçilən universitetlərin tələbələrinə və sahibkarlığın tədrisi üzrə fəaliyyət göstərən müəllimlərə təlimlər keçilib. Bundan əlavə, seçilən müəllimlərdən müsabiqədə yüksək performansı ilə fərqlənənlər Böyük Britaniyada sahibkarlığın innovativ tədris metodları və kurrikulum optimallaşdırılması istiqamətində təcrübə mübadiləsində iştirak ediblər.

Tədbirdə Azərbaycan startaplarına "Böyük fikir" adlı beynəlxalq startap müsabiqəsində iştirak etmək şansı təqdim edilib, eləcə də ilk dəfə "Createathon" çərçivəsində fikir mübadilələri aparılan və tələbələrin funksional bizneslərə töhfə verdiyi əks-təcrübə seminarları təşkil olunub.

Qeyd edək ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Britaniya Şurası ilə birlikdə ötən ildən başlayaraq "Creative Spark" (Kreativ Qığılcım) layihəsinə start verib və növbəti ildə də bu əməkdaşlıq proqramının davam etdirilməsi nəzərdə tutulub.