İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, qeyd olunan halda Vergi Məcəlləsinin 102.1.30-cu maddəsində nəzərdə tutulmuş vergi güzəştindən yararlanmaq hüququ yaranmır. Həmin maddənin tələblərinə əsasən, 75 faiz vergi güzəştindən istifadə etmək üçün 12 təqvim ayı üzrə orta aylıq işçi sayının ən azı 3 nəfər olması tələb edilir. Həmçinin, qeyd olunan güzəşt maddəsinin məqsədləri üçün işçilərin tam ştat, yaxud yarımştat olması ilə bağlı məhdudiyyət nəzərdə tutulmayıb.
Eyni zamanda bildirilib ki, Vergi Məcəlləsinin 102.1.30-1-ci maddəsində qeyd edilən fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslərin həmin fəaliyyət növlərindən təqvim ili üzrə əldə etdiyi gəlirlər (xərclər nəzərə alınmadan) 45.000 manata qədər olduqda, həmin gəlirlərin 75 faizi gəlir vergisindən azaddır. Sizin fəaliyyət növünüzün bu maddədə qeyd edilən fəaliyyət növlərindən biri ilə uyğunlaşması ilə bağlı məlumat əldə etmək üçün uçotda olduğunuz vergi orqanına və ya onun əhatə dairəsinə aid vergi ödəyicilərinə xidmət mərkəzlərinə yaxınlaşa bilərsiniz.
Əlavə olaraq, vergi güzəştləri yalnız həmin şərtlərin ödənildiyi hesabat dövrü (təqvim ili) üçün tətbiq edilir. Vergi ödəyicisi vergi güzəştinin tətbiqi məqsədilə bu maddədə müəyyən edilən şərtlərə cavab vermədikdə və növbəti hesabat ilində mikro sahibkarlıq subyektindən digər kateqoriya sahibkarlıq subyektinə keçdikdə fərdi sahibkarın mikro sahibkar olduğu əvvəlki 3 təqvim ilinin yekunlarına görə hesablanmış və ödənilmiş gəlir vergisinin 75 faizi həcmində vergi güzəşti müəyyən edilməklə digər sahibkarlıq subyekti olduğu dövrlərdə gəlir vergisi öhdəliyindən çıxılır.
Vergi ödəyicisi tərəfindən əmtəəsiz əməliyyatlar aparıldığı halda, bu maddə ilə müəyyən edilmiş vergi güzəşti əmtəəsiz əməliyyatlardan yaranan gəlirlərə münasibətdə tətbiq olunmur.
Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi