Gürcüstan və Azərbaycan aqrar sahədə əməkdaşlığın daha da inkişafı və dərinləşməsi baxımından əhəmiyyətli potensiala malikdir.
Bu barədə “Caspian Agro Week” - 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgi və Forumunda iştirak edən Gürcüstanın ətraf mühit və kənd təsərrüfatı nazirinin müavini Laşa Dolidze bildirib.
Ticarət və iqtisadi əlaqələrdən danışan nazir müavini son illərdə davamlı artım nümayiş etdirən içkilərin ixracının dinamikasını vurğulayıb. O qeyd edib ki, Gürcüstan ixrac istehsalının artırılmasında Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır.
Laşa Dolidze deyib: “Bizə məlumdur ki, bu sahədə böyük irəliləyişlər əldə etmisiniz və hazırkı sərgi həmin təcrübəni ətraflı araşdırmaq üçün əla fürsət verir”.
O, həmçinin tədbirin ölkələrin öz nailiyyətlərini nümayiş etdirmək üçün platforma qismində əhəmiyyətini vurğulayıb. Nazir müavininin sözlərinə görə, Gürcüstan tərəfi həm ənənəvi məhsul çeşidlərini, həm də kənd təsərrüfatı sektorundakı innovativ inkişafları təqdim edir.
AZƏRTAC