Bu gün Bakı Ekspo Mərkəzində “Caspian Agro Week” – 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgi və Forumu, “InterFood Azerbaijan” – 31-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi, eləcə də “Horeca Caspian” – 14-cü Xəzər Beynəlxalq Mehmanxana, Restoran və Supermarketlər üçün Avadanlıq və Ləvazimatlar Sərgisi açılıb.
Mərasimdə kənd təsərrüfatı naziri Məcnun Məmmədov, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı nümayəndəsi Muhammad Nasar Hayat iştirak edirlər.
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, “Caspian Agro Week”də müxtəlif ölkələrdən olan dövlət qurumlarının nümayəndələrinin, beynəlxalq təşkilatların, aqrar sahədə fəaliyyət göstərən şirkətlərin, investorların, fermerlərin iştirakı kənd təsərrüfatının strateji əhəmiyyətini və bu sahədə beynəlxalq əməkdaşlığın genişlənən rolunu bir daha nümayiş etdirir.
Məcnun Məmmədov vurğulayıb ki, regionun aparıcı aqrar platformalarından biri kimi mövqeyini möhkəmləndirmiş “Caspian Agro” sərgisi bu il yeni konseptual yanaşma - “Caspian Agro Week” formatında təşkil olunur. Bu yanaşma çərçivəsində sərgi yalnız məhsul və texnologiyaların nümayişi ilə məhdudlaşmır, sektorun müxtəlif istiqamətlərini əhatə edən forumlar, həmçinin ölkədə fəaliyyət göstərən iri ixtisaslaşmış innovativ təsərrüfatlara təşkil olunan səfərləri özündə birləşdirir.
AQTA sədri Qoşqar Təhməzli qida təhlükəsizliyi sahəsində əldə edilən uğurlardan danışıb. Bildirib ki, Azərbaycan 73 ölkəyə qida və kənd təsərrüfatı məhsulları göndərir. Ötən il 914 min ton bitkiçilik məhsullarını özündə ehtiva edən məhsullar ixrac edilib.
KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov “Caspian Agro Week”in kiçik və orta biznes subyektləri üçün yaratdığı imkanlardan bəhs edib, sərgilərin əhəmiyyətini vurğulayıb.
Qeyd edək ki, kənd təsərrüfatı və qida sənayesi üzrə regionun ən nüfuzlu tədbirinə və milli brendə çevrilmiş “Caspian Agro Week” və “InterFood Azerbaijan” aqrar-qida sərgiləri mayın 8-dək davam edəcək və 45 ölkədən 447 şirkəti bir araya toplayıb. Sərgilərdə tətbiq olunan yeniliklərdən biri də odur ki, “InterFood Azerbaijan” sərgisi vahid məkanda – Bakı Ekspo Mərkəzinin 4-cü pavilyonunda keçirilir.
İlk dəfə olaraq “Caspian Agro Week” və “InterFood Azerbaijan” sərgiləri zamanı “Hosted Buyer” (Alıcı missiyası) proqramı təşkil olunur. “InterFood Azerbaijan” sərgisi çərçivəsində iştirakçılar və dəvət olunmuş şirkətlər üçün “Retail Center - Ticarət şəbəkələrinin görüş mərkəzi” fəaliyyət göstərir. Sərginin ayrılmaz hissəsi olan ənənəvi “Qızıl Şah 2026” Beynəlxalq Kulinariya Çempionatında 11 ölkədən olan 22 komanda müxtəlif kateqoriyalar üzrə birincilik uğrunda mübarizə aparacaq. İştirakçılardan 73-ü xarici ölkələrdən qatılan aşpazlardır. Həmçinin Azərbaycanın müxtəlif regionlarından olan fermerlər üçün sərgi turlarında 51 bölgədən 500-dən çox fermer iştirak edəcək.
AZƏRTAC