Müasir şirkətdə maliyyə direktorunun (CFO) strateji rolu və ilk addımlar MƏQALƏ

2026.05.04 11:26 (UTC+04:00)

Mövzunu “vergiler.az”a İstehlak Mallarının Ekspertizası Mərkəzinin Maliyyə və təsərrüfat departamentinin müdiri, UNEC-in doktorantı Emin Kazımov şərh edir.

Müasir biznes mühitində maliyyə direktoru (CFO) artıq yalnız rəqəmləri idarə edən şəxs deyil, həm də şirkətin strateji qərarlarının formalaşmasında əsas rol oynayan liderdir. Yeni təyin olunmuş CFO üçün ilk addımlar həm operativ sabitliyin təmin edilməsi, həm də uzunmüddətli inkişafın əsaslarının qoyulması baxımından kritik əhəmiyyət daşıyır. Maliyyə direktorunun fəaliyyətə başladığı ilk mərhələdə diqqət yetirməli olduğu beş əsas istiqaməti sistemli şəkildə gözdən keçirək.

1. Pul axınlarının idarə olunması – maliyyə sabitliyinin əsası

Təsadüfi deyil ki, maliyyə dünyasında müəssisənin pul dövriyyəsini bir orqanizmin qan dövriyyəsi kimi də səciyyələdirirlər. CFO-nun ilk və ən vacib vəzifələrindən biri kimi qarşımıza pul axınlarının (cash flow) düzgün idarə olunması çıxmaqdadır. Nəzərə alınmalıdır ki, şirkətin mənfəətli olması onun likvidlik meyarının qənaətbəxş olduğu anlamına gəlmir. Buna görə də bütün növ daxilolmalar və müəssisə tərəfindən həyata keçirilən ödənişlər daim nəzarətdə saxlanılmalıdır. Pul axını proqnozlarının hazırlanması, həftəlik və aylıq plan/fakt analizlərinin aparılması isə öz növbəsində maliyyə direktoruna potensial riskləri öncədən görmək imkanı verir. Xüsusilə pul darboğazı (cash gap) anlayışı – yəni pulun daxil olması ilə çıxması arasındakı zaman fərqi – diqqət mərkəzində olmalıdır. Bu boşluqlar vaxtında aşkar edilməzsə, şirkət qısa müddətdə likvidlik problemi ilə üzləşə bilər. Belə hallarda ödənişlərin yenidən cədvəlləşdirilməsi, qısamüddətli kreditlərdən istifadə və ya xərclərin optimallaşdırılması kimi tədbirlər görülməlidir.

Bununla yanaşı, gündəlik bank və kassa əməliyyatlarının izlənilməsinin, ERP sistemləri ilə inteqrasiya və avtomatlaşdırılmış uyğunlaşdırma mexanizmlərinin qurulmasının təmin edilməsi öz növbəsində maliyyə intizamını gücləndirir və insan səhvlərini minimuma endirir.

2. Hesabatlılıq və analitik yanaşma – düzgün qərarların təməli

Effektiv maliyyə idarəçiliyi yalnız məlumat toplamaqla yox, eyni zamanda həmin məlumatları düzgün analiz etməklə mümkündür. Maliyyə direktoru rəhbərliyə aydın, qısa və qəraryönümlü hesabatlar təqdim etməlidir. Bu baxımdan “flash-report” kimi operativ hesabatlar xüsusi əhəmiyyət daşıyır. Bu hesabatlar gəlir, mənfəət, pul vəsaitləri və borclar kimi əsas göstəriciləri bir səhifədə təqdim edərək sürətli qərar qəbulunu asanlaşdırır.

Həmçinin, satışların təhlili, plan və fakt göstəricilərinin müqayisəsi, region və məhsul üzrə bölünmə şirkətin gəlir strukturunu daha aydın göstərir. Eyni zamanda xərclərin detallı təhlili aparılmalı, Pareto prinsipi əsasında əsas xərc mənbələri müəyyən edilməlidir. Məsələn, xərclərin optimallaşdırılması üçün tətbiq edilə biləcək müxtəlif üsullardan təchizatçılarla yenidən danışıqların aparılması, proseslərin avtomatlaşdırılması, enerji xərclərinin azaldılması və ehtiyatların effektiv idarə olunması qeyd oluna bilər. Bu tədbirlər şirkətin rentabelliyini əhəmiyyətli dərəcədə artırmış olacaq.

3. Qanunvericilik və daxili nəzarət – risklərin azaldılması

Maliyyə direktoru üçün digər mühüm istiqamət hüquqi və tənzimləyici mühitin dərindən öyrənilməsidir. Vergi qanunvericiliyi, əmək münasibətləri, maliyyə hesabatı standartları və digər normativ tələblər şirkətin fəaliyyətində əsas rol oynayır. Demək olar ki, qeyd olunan istiqamətlər müəssisənin fəaliyyətinin hüquqi normativ çərçivəsini müəyyən edir.

Bunlarla yanaşı, kredit müqavilələrinin və digər əsas müqavilələrin təhlili CFO-ya maliyyə öhdəliklərini düzgün qiymətləndirməyə imkan verir. Xüsusilə, kreditlər üzrə şərtlər, faiz dərəcələri və maliyyə və davranış tələbləri (covenant tələblər) diqqətlə izlənilməlidir. Əks halda, şirkət gözlənilməz maliyyə riskləri ilə qarşılaşa bilər.

Digər tərəfdən, daxili qaydaların və prosedurların təkmilləşdirilməsi də vacib tədbirlərdən sayıla bilər. Belə ki, səlahiyyət bölgüsü (segregation of duties), ikili təsdiq mexanizmləri və şəffaf nəzarət sistemləri maliyyə intizamını gücləndirir və sui-istifadə risklərini azaldır.

4. Komanda və proseslərin idarə olunması – effektivliyin artırılması

Müasir dünyamızda artıq qəbul olunan faktdır ki, bu və ya digər sahə üzrə rəhbərin uğuru yalnız fərdi biliklərindən deyil, həm də komandasının effektivliyindən, əzm və peşəkarlığından asılıdır. Buna görə maliyyə heyətinin bacarıqları qiymətləndirilməli, çatışmazlıqlar müəyyən edilərək müxtəlif növ təlim və tədris proqramları vasitəsi ilə inkişaf planı hazırlanmalıdır.

Proseslərin təhlili zamanı əsas məqsəd vaxt itkisini azaltmaq və əməliyyatları sadələşdirmək kimi müəyyən edilməlidir. Bu səbəbdən manual işlərin avtomatlaşdırılması, proseslərin xəritələndirilməsi və zəif nöqtələrinin aradan qaldırılması CFO-nun prioritetləri sırasında olmalıdır.
Delegasiya da burada mühüm rol oynayır. CFO bütün işləri özü icra etmək əvəzinə, düzgün şəkildə bölüşdürməli və nəzarət funksiyasını ön planda saxlamalıdır. Mikro menecment fəaliyyətindən uzaq olması tövsiyə olunan davranışlar sırasındadır.

5. Audit və risk idarəetməsi – davamlılığın təminatı

Audit nəticələrinin düzgün təhlili şirkətdə mövcud zəiflikləri, sistem üzrə boşluqları və uyğunsuzluqları üzə çıxarır. Xarici auditorların “management letter” qeydləri və daxili audit hesabatları diqqətlə araşdırılmalı, hər bir problem üzrə konkret tədbirlər planı hazırlanmalıdır.

Risk idarəetməsi isə günümüzdə artıq maliyyə direktorunun strateji funksiyalarından biridir. Maliyyə, əməliyyat və təchizatçı riskləri müəyyən edilərək risk xəritəsi hazırlanmalı və hər risk üzrə məsul şəxslər təyin olunmalıdır. Bu yanaşma şirkətin gözlənilməz itkilərdən qorunmasına kömək edir.

Beləliklə, ümumiləşdirəcək olsaq, yeni maliyyə direktoru üçün ilk mərhələ şirkətin maliyyə “sağlamlığını” qiymətləndirmək və möhkəm idarəetmə sistemi qurmaqla xarakterizə olunur. Qeyd edək ki, pul axınlarının nəzarətdə saxlanılması, şəffaf hesabatlılıq, qanunvericiliyə uyğunluq, güclü komanda və effektiv risk idarəetməsi CFO-nun uğurunun əsas sütunlarıdır.

Həmçinin, uğurlu maliyyə direktoru yalnız maliyyə göstəricilərini izləyən deyil, eyni zamanda şirkətin gələcəyini formalaşdıran strateji liderdir. Bu rolu düzgün yerinə yetirən CFO çalışdığı müəssisənin davamlı inkişafına, maliyyə sabitliyinin qorunmasına və rəqabət üstünlüyünə birbaşa töhfə verir.