2026-cı ilin yanvar-mart aylarında “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağı üzrə fəaliyyətə təqribən 134 milyon dollar əməliyyat məsrəfləri və 363 milyon dollar əsaslı məsrəflər xərclənib.
bp-dən verilən məlumata görə, rüb ərzində AÇG-dən ümumi hasilat – “Çıraq” (19 500), “Mərkəzi Azəri” (89 800), “Qərbi Azəri” (74 800), “Şərqi Azəri” (43 000), “Dərinsulu Günəşli” (47 700), “Qərbi Çıraq” (22 600) və ACE (26 700) platformalarından birlikdə – gündə orta hesabla 325 000 barel və ya ümumilikdə təxminən 29 milyon barel, yəni 4 milyon ton olub.
Rübün sonuna AÇG-də ümumilikdə 149 neft hasilat quyusu, 50 su injektor quyusu və 11 qaz injektor quyusu istismarda olub. Hesabat dövründə AÇG-də 2 neft hasilatı quyusu, 3 su injektoru, 1 qaz injektoru quyusu qazılıb tamamlanıb.
Rüb ərzində AÇG-dən Azərbaycan dövlətinə əsasən Səngəçal terminalından, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 12 milyon kubmetr, ümumilikdə isə 1 milyard kubmetr səmt qazı təhvil verilib. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub.