Ağdaş rayonunda sahibkarların qəbulu keçirilib

2026.05.01 12:59 (UTC+04:00)

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyəti sədrinin birinci müavini Samir Hümbətov Ağdaş rayonunda sahibkarları qəbul edib. KOBİA-nın aidiyyəti struktur bölmələrinin iştirakı ilə keçirilən qəbulda sahibkarların biznes fəaliyyəti ilə bağlı müraciətləri dinlənilib, ehtiyacları olan dəstək tədbirləri və qarşılaşdıqları məsələlərin həlli ilə bağlı müzakirələr aparılıb. Qəbulda sahibkarlar istehsal sahəsində innovativ layihələrin reallaşdırılmasına dəstək, sahibkar maraqlarının müdafiəsi, güzəştli kreditlərin verilməsi və s. məsələlərlə bağlı müraciət ediblər.

Həmçinin qəbul çərçivəsində sahibkarların sualları cavablandırılıb və sorğu edilən məsələlərlə bağlı müvafiq izahatlar verilib. Araşdırma tələb edən müraciətlər qanunvericiliyə uyğun tədbirlərin görülməsi üçün aidiyyəti strukturlara yönləndirilib.