Bərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır?

2026.05.05 10:42 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, fərdi qaydada muzdlu işçi cəlb etmədən bərbər fəaliyyəti göstərib gəlir əldə edən şəxslər vergi öhdəliklərini “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” almaqla yerinə yetirirlər.

Həmin şəxslər vergi orqanında uçota alınmalı, VÖEN əldə etməli və bu fəaliyyəti həyata keçirməyə başlayanadək Dövlət Vergi Xidmətindən könüllü olaraq növbəti ay, rüb, yarımil və ya il üçün "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz" almalıdır.

Fərdi qaydada bərbər fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi üzrə aylıq sabit məbləği 15 manatdır. Nəzərdə tutulan fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslər üçün aylıq verginin məbləği aşağıdakı əmsallar tətbiq edilməklə müəyyən edilir:

- Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) – 2,0;

- Gəncə, Sumqayıt və Xırdalan şəhərlərində – 1,5;

- Abşeron rayonunun qəsəbə və kəndləri (Xırdalan şəhəri istisna olmaqla), Şirvan, Mingəçevir, Naxçıvan, Lənkəran, Yevlax, Şəki və Naftalan şəhərlərində - 1,0;

- digər rayon (şəhər) və qəsəbələrdə (kəndlərdə) – 0,5.

“Sosial sığorta haqqında” Qanunun 14.5.1-1.2-ci maddəsinə əsasən, bərbər fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri hər ay üçün minimum əməkhaqqının 5 faizi məbləğinin müvafiq zona əmsalları tətbiq edilməklə hesablanmış sosial sığorta məbləğini büdcəyə ödəməlidirlər. Bu əmsallar aşağıdakı qaydada müəyyən edilib:

- Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) – 2 əmsal;

- Abşeron rayonunda, Sumqayıt və Gəncə şəhərlərində – 1,5 əmsal;

- digər şəhər və rayonlarda – 1 əmsal.

“İcbari tibbi sığorta haqqında” Qanunun 15-10.1.3-cü maddəsinə əsasən, bərbər fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri hər ay üçün minimum əməkhaqqı məbləğinin 4 faizi miqdarında icbari tibbi sığorta haqqı ödəyirlər. Göründüyü kimi, bu sığorta növünün hesablanması zamanı heç bir əmsal tətbiq edilmir.

"Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz" vergi ödəyicisi yazılı müraciət etdikdə iki iş günündən gec olmayaraq, elektron qaydada müraciət etdikdə isə real vaxt rejimində verilir.

Vergi Məcəlləsinin 218.4.4-cü maddəsində göstərilən fəaliyyətlə məşğul olan fiziki şəxslər tərəfindən ödənilmiş vergi, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqı onların “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz”in qüvvədə olduğu müddətdə fəaliyyət göstərib-göstərməməsindən asılı olmayaraq geri qaytarılmır və növbəti dövrlərin (ay, rüb, yarım il və il) vergiləri ilə əvəzləşdirilmir.

Vergi Məcəlləsinin 221.8.3-cü maddəsinə əsasən, başqa hal nəzərdə tutulmamışdırsa, fəaliyyət zamanı işçi cəlb edən fiziki şəxslər istisna olmaqla, bu Məcəllənin 220.10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə fərdi qaydada məşğul olan fiziki şəxslər vergi orqanlarına bəyannamə vermirlər.

Vergi orqanlarında uçot prosedurları, fəaliyyətinizin xüsusiyyətlərindən asılı olaraq etməli olduğunuz hərəkətlər barədə daha ətraflı məlumat almaq üçün Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsindəki "Vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü, 218-ci, 220-ci maddələri