Bir uğurun sirri: “Startap” şəhadətnaməsi ilə qlobal hədəflərə doğru MƏQALƏ

2026.04.30 14:05 (UTC+04:00)

2026-cı ilin ilk rübü yerli startap ekosistemi üçün kifayət qədər dinamik olub. Təkcə bu ilin yanvar-mart aylarında 16 mikro və kiçik sahibkar "Startap" şəhadətnaməsi əldə edib. Sevindirici haldır ki, bu layihələrin 6-sı bölgələrin payına düşür.

Statistikaya nəzər yetirsək, 2021-ci ilin mayından etibarən ümumilikdə 263 sahibkara bu sənəd təqdim edilib. Şəhadətnamə mikro və kiçik sahibkarlara innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə 3 il müddətinə mənfəət və gəlir vergisindən tam azadolma imkanı yaradır.

vergiler.az” güzəştdən yararlanaraq öz ideyasını rəqabətədavamlı biznesə çevirən uğurlu startapçıların hekayələrini təqdim edir.

“Coffeein”: 15 min istifadəçi, 200-dən çox partnyor

2024-cü ilin sonlarında “Startap” şəhadətnaməsi almış “Firstit” MMC-nin kofe sifarişi tətbiqi “Coffeein” sürətli inkişaf mərhələsinə qədəm qoyub. Bunu rəqəmlərdən də aydın görmək olur. Qısa müddətdə platformanın istifadəçi sayı 15 mini ötüb, partnyor məkanların sayı isə 200-dən çoxdur.

“Coffeein” mobil tətbiqinin istifadəçiləri balansı təhlükəsiz şəkildə, hətta "Apple Pay" və "Google Pay" vasitəsilə artıraraq, partnyor məkanlarda QR-kodla ödəniş edə və "Premium" abunəlik modeli ilə “limitsiz kofe” içə bilirlər.

Layihənin həmtəsisçisi Elçin Cabbarov bildirib ki, startap regional ekspansiya planlarını aktiv fazaya keçirib. “Coffeein” yaxın zamanda Özbəkistan və Qazaxıstan bazarlarına giriş etməyi hədəfləyir və artıq bunun üçün ilkin hazırlıq mərhələsi tamamlanmaq üzrədir. Layihəni regionun aparıcı kofe texnologiya platformasına çevirməyi hədəfləyən komanda tətbiqə istifadəçilərin ürəyincə olacaq yeni funksiyalar da əlavə edib. Belə ki, burada yer alan beta versiyada “CoffeeMate” funksiyası istifadəçilərə məkan daxilində anonim (mobil nömrə təqdim etmədən) və təhlükəsiz şəkildə ünsiyyət qurmaq (netvörkinq) imkanı yaradır. Həmsöhbət olduğumuz digər həmtəsisçi Elvin Əmirov bildirib ki, “CoffeeMate” sadəcə sosial funksiya deyil, bu, fiziki məkanlarda rəqəmsal icma qurmaq alətidir.

“Startap” şəhadətnaməsinin verdiyi imkanlardan yararlanan “Coffeein” artıq B2B (Business-to-Business) satış modelinə də start verib. Şirkətlər üçün təqdim olunan həllər korporativ əməkdaşlar üçün kofe balansı, loyallıq proqramları və partnyor şəbəkəsində vahid ödəniş infrastrukturu qurmağa şərait yaradır. Layihənin daha bir həmtəsisçisi Kənan Əhmədov texnoloji infrastrukturun həm “B2C” (Business-to-Consumer), həm də “B2B” seqmentinə uyğun şəkildə qurulduğunu bildirib.

Onu da qeyd edək ki, “Coffeein” 2025-ci ildə 2-ci dəfə “Netty” Milli İnternet Mükafatının qalibi olub. Yeniliklər bununla bitmir: gənc startapçılar yaxın aylarda regional genişlənmə və məhsul funksionallığının genişləndirilməsi ilə bağlı yeni xəbərlər bölüşməyi planlaşdırır.

“SnackPack”: AYİB-nin “Star Venture” proqramında...

“SnackPack” fərqli məkanların müəyyən saatlarda endirimli yeməklər təklif etdiyi mobil tətbiqdir. Bu model qida israfını minimuma endirməklə yanaşı, restoran və kafelərə yeni müştəri kütləsi qazandırır. Artıq 3 ildir ki, “Startap” şəhadətnaməsinin verdiyi vergi güzəştlərindən yararlanan layihə rəhbəri Ramil Tağıyev bu dəstəyin biznesə birbaşa müsbət təsir etdiyini vurğulayır. Onun sözlərinə görə, rəsmi startap statusu həm tərəfdaşların onlara olan etibarını gücləndirir, həm də biznesin sürətli böyüməsinə kömək olur. Startapçı bildirir ki, platforma məkanların xərclərini azaldaraq brendini tanıdır, istifadəçilərə isə həm qənaət etmək, həm də israfla mübarizəyə qoşulmaq imkanı yaradır.

Hazırda tətbiqdə kafelərdən hotellərə qədər bir çox tərəfdaş mövcuddur. Zamanla komandası genişlənən “SnackPack” yeni əməkdaşları işə cəlb edib. R.Tağıyevin sözlərinə görə, şəhadətnamə sayəsində qənaət edilən vəsait tətbiqin təkmilləşdirilməsinə, marketinq kampaniyalarına və yeni tərəfdaş məkanların şəbəkəyə qoşulmasına yönəldilib.

Layihənin uğurları yerli bazarla məhdudlaşmır. Belə ki, 2025-ci ilin dekabrında “IT Park Uzbekistan” tərəfindən təşkil edilən “Digital Startup Awards” proqramında uğurla inkubasiya keçən startap, 10.000 ABŞ dolları məbləğində investisiya cəlb edib. Növbəti böyük uğur isə 2026-cı ildə reallaşıb. Startapçılar Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) nüfuzlu “Star Venture” proqramına seçilməyə nail olublar. Bu proqram çərçivəsində onlara Kembric Universiteti tərəfindən eksklüziv konsultasiya dəstəyi təqdim olunur ki, bu da startapın qlobal investor şəbəkəsinə çıxışını təmin edən strateji bir platformadır.

“Recepta”: 700 min dollarlıq investisiya və qlobal əməkdaşlıq

“Startap” şəhadətnaməsi ilə 3 illik vergi güzəştini başa vuran layihələrdən biri də “Recepta”dır. Layihə kağız çekləri fərdiləşdirilə bilən rəqəmsal çeklərlə əvəz etmək məqsədilə yaradılıb.

Layihə rəhbəri Fuad Heydərlinin sözlərinə görə, 3 ölkədə təmsil olunan şirkət artıq 700.000 ABŞ dolları investisiya cəlb edib və ciddi nailiyyətlər qazanıb. Onlar dünyanın ən büyük POS-terminal təminatçısı olan “Ingenico” və “Clover” ilə əməkdaşlıq edərək tezliklə Kanada, ABŞ və Meksikada fəaliyyətə başlayacaqlar.

F.Heydərli qeyd edib ki, şəhadətnamə biznesin ilkin mərhələdəki xərclərini əhəmiyyətli dərəcədə azaldıb. Vergi güzəşti sayəsində qənaət edilən vəsait isə daha çox layihənin təkmilləşdirilməsinə, marketinq və reklam fəaliyyətlərinə yönəldilib. Həmsöhbətimiz vurğulayıb ki, rəsmi şəhadətnamə layihənin ciddiliyindən və perspektivindən xəbər verir, bu isə investorların və fondların diqqətini çəkən ən mühüm faktorlardan biridir.

Teknofest-2022 - “Take off Startup” sammitinin qalibi olan layihə VISA İnnovasiya Proqramına seçilmiş ilk yerli startapdır. Bundan əlavə, AYİB-nin “Star Venture” proqramına Qafqaz regionu üzrə seçilmiş 10 startapdan biridir. Layihə rəhbəri, həmçinin, Puerto Riko dövlətindən qrant almağı və “NVIDIA inception” proqramına da qatılmağı bacarıb.

“AzTruck”: intellektual logistikadan "betonX" layihəsinə uzanan yol

Üçillik “Startap” şəhadətnaməsinin müddəti yeni tamamlanan layihələrdən biri də “AzTruck”dır və onun uğur hekayəsi bir qədər fərqlidir. “AzTruck” ağır tonnajlı nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş tam avtomatlaşdırılmış intellektual tərəzi idarəetmə sistemidir.

Startapın qurucusu - “AvtomatikaAZ” MMC-nin rəhbəri Xalid Səmədov bildirib ki, bu müddət ərzində tətbiq edilən güzəşt şirkətə maliyyə resurslarına ciddi qənaət etmək və həmin vəsaiti birbaşa inkişafa yönəltmək imkanı yaradıb. Proqram təminatı satışından əldə olunan gəlir vergidən azad edildiyi üçün yaranan əlavə kapital müəssisənin digər xərclərinin qarşılanmasına və yeni layihələrin maliyyələşdirilməsinə stimul verib. Belə ki, əldə olunan qənaət yeni “BetonX” startapının təməlini qoyub. “AzTruck”dan qazanılan vəsaitlərin düzgün yönləndirilməsi sayəsində yaranan bu layihə indi ölkənin ən iri beton istehsalçıları üçün əsas rəqəmsal idarəetmə alətinə çevrilməyi hədəfləyir.

Faiq KƏRİMOĞLU