Sosial islahatlar cəmiyyət tərəfindən rəğbətlə qarşılanır

2019.09.03 14:29 (UTC+04:00)

Sosial Tədqiqat Mərkəzi son illər Azərbaycanda həyata keçirilən islahatların səmərəsini, vətəndaşların həyatında oynadığı rolu araşdırmaq üçün müxtəlif əhali qrupları arasında ictimai rəy sorğusu keçirib. Tədqiqat Bakı-Abşeron və 7 iqtisadi rayon üzrə 25 şəhər, 76 rayon və kənddə aparılıb. Mərkəzin mətbuat xidmətindən verilən məlumata görə, müasir texnologiyalarla aparılan sorğu prosesində respondentlər çoxpilləli klasterseçmə metodu ilə seçilib.

Sorğuda 101 klaster üzrə şəhər, rayon mərkəzi və kəndlərdən ümumilikdə 1.212 nəfər seçilib və nəticələrə əsasən, əhali arasında artımlarla bağlı məlumatlılıq səviyyəsi yüksəkdir. Statistik üsuldan (t-test) istifadə olunmaqla müəyyən edilib ki, artımların əhatə etdiyi respondentlər bu barədə daha çox məlumatlıdır. Minimum aylıq əməkhaqqının artırılaraq 250 manata çatdırılması və dövlət büdcəsindən maliyyələşən, bir sıra təşkilatlarda çalışan şəxslərin (dövlət qulluqçuları, hüquq-mühafizə və s.) aylıq vəzifə maaşlarının orta hesabla 40 faiz artırılması barədə kişilər qadınlarla müqayisədə daha çox məlumatlıdırlar. Regionlarda yaşayan, yaşlı və təhsil səviyyəsi aşağı olan şəxslər artımlarla bağlı məlumatları televiziyadan, Bakı-Abşeron regionunda yaşayan, cavan və təhsil səviyyəsi yüksək olanlar isə internetdən əldə edirlər. İnsanların məşğuliyyəti və artımlarla əhatəliliyindən asılı olmayaraq, ümumilikdə respondentlərin əksəriyyəti dövlət başçısının iyunun 18-də imzaladığı sərəncamları dəstəkləyir.

Sorğuda iştirak edən respondentlərin 87,3 faizi sosial islahatların həyata keçirilməsini çox vacib və əhəmiyyətli hesab edir. Sorğu iştirakçılarının 62,2 faizi artımlar nəticəsində ailələrin maddi vəziyyətinin yaxşılaşacağına ümid edir. Bununla yanaşı, sorğuda iştirak edən hər dörd respondentdən biri hesab edir ki, artımlar korrupsiyanın azalmasına və əhalinin müxtəlif qrup və kateqoriyalarının sosial müdafiəsinin yaxşılaşmasına səbəb olacaq.
Sosial Tədqiqat Mərkəzi ictimai rəy sorğusunun nəticələri ilə əlaqədar proqnoz və təkliflərini bildirib və əldə olunan nəticələr yaxın günlərdə ictimaiyyətə təqdim ediləcək. Mərkəz bundan sonra da mühüm dövlət və ictimai əhəmiyyət daşıyan məsələlər ətrafında cəmiyyətin rəyini öyrənərək lazımi tədqiqatlar aparacaq.