Hindistanda vergi qanunvericiliyini dünya standartları səviyyəsində təkmilləşdirmək məqsədilə təşkil edilmiş hökumət komissiyası vergilər haqqında qanunun yenidən nəzərdən keçirilməsi planı çərçivəsində bütün şirkətlər üçün korporativ verginin dərəcəsinin hazırkı 30 faizdən 25 faizə endirməyi məsləhət görüb.
Qeyd edək ki, Hindistan dünyada ən yüksək korporativ vergi dərəcəsi tətbiq edən ölkələrdəndir. Bu yaxınlarda maliyyə naziri Nirmala Sitharaman illik satış dövriyyəsi 4 milyard rupidən (95 milyon manat) az olan şirkətlərin vergisini 25 faizə salmaq barədə qərar versə də, bu göstərici üzrə Hindistan öndə gedir.
Ölkədə xarici şirkətlər üçün gəlir vergisi də yüksəkdir – 40 faiz təşkil edir. Bununla birilikdə, səhiyyə və təhsilin səviyyəsinin yüksəldilməsi üçün hər bir şirkət öz mənfəətinin 4 faizi həcmində əlavə vergi ödəyir. Komissiyanın hesabatında bu cür yığımların da ləğv olunması tövsiyə edilib.