Bakıda İnnovasiya Mərkəzinin yaradılmasına dair Anlaşma Memorandumu imzalanıb YENİLƏNİB

2026.04.28 17:38 (UTC+04:00)

Aprelin 28-də “PAŞA Holding” və SOCAR İspaniyanın nüfuzlu IE Universiteti ilə strateji tərəfdaşlıq çərçivəsində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin dəstəyi ilə Bakıda Liderlik və İnnovasiya üzrə IE Mərkəzinin yaradılması məqsədilə Anlaşma Memorandumu imzalayıblar.

İmzalanma mərasimində elm və təhsil naziri Emin Əmrullayevin, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin, SOCAR-ın prezidenti Rövşən Nəcəfin, “PAŞA Holding”in baş icraçı direktoru Cəlal Qasımovun, IE Universitetinin icraçı prezidenti Santiaqo İniqes de Onsonyonun çıxışları dinlənilib.

Çıxışlarda insan kapitalının gücləndirilməsi, süni intellekt və rəqəmsal transformasiya kimi çağırışları hədəfləyən təşəbbüslərin innovasiya əsaslı inkişafa yatırılan strateji investisiyalar olduğu bildirilib. Bu xüsusda, yeni yaradılacaq Mərkəzin Azərbaycanın təhsil ekosistemində innovasiya və beynəlxalq əməkdaşlığın gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığı qeyd olunub.

Sonra Azərbaycanda “IE Liderlik və İnnovasiya Mərkəzi”nin yaradılmasına dair Anlaşma Memorandumu imzalanıb.

Qeyd edək ki, bu təşəbbüs ölkəmizdə liderlik bacarıqlarının inkişafına töhfə verməklə yanaşı, innovasiya və beynəlxalq əməkdaşlıq üçün regional platforma formalaşdırmaq, eləcə də Azərbaycanda insan kapitalının inkişafını dəstəkləmək məqsədi daşıyır.

Rəqəmsal transformasiya, süni intellekt və dayanıqlı inkişaf kimi sahələrdə fəaliyyət göstərəcək mərkəzdə rəhbər kadrlar üçün təhsil proqramları və beynəlxalq tədbirlər təşkil ediləcək, eləcə də tədqiqat təşəbbüsləri həyata keçiriləcək.

Bu tərəfdaşlıq, həmçinin yerli maraqlı tərəflərlə əməkdaşlıq vasitəsilə təhsildə mükəmməlliyi artırmağı və institusional potensialı dəstəkləməyi nəzərdə tutur. Tərəfdaşlıq çərçivəsində SOCAR və “PAŞA Holding” əməkdaşlarının peşəkar inkişafına töhfə vermək məqsədilə xüsusi uyğunlaşdırılmış təhsil proqramlarının həyata keçirilməsi də planlaşdırılır.

-----

11:55

İspaniyanın nüfuzlu IE Universiteti ilə strateji tərəfdaşlıq çərçivəsində Bakıda Liderlik və İnnovasiya üzrə “IE Mərkəzi”nin yaradılması üzrə Anlaşma Memorandumu imzalanıb.

Memorandumu elm və təhsil naziri Emin Əmrullayev, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf, IE Universitetinin prezidenti Santiago Iñiguez de Onzoño və “PAŞA Holdinq” MMC-nin baş icraçı direktoru Cəlal Qasımov imzalayıblar.

AZƏRTAC