Videoqraf və fotoqrafların vergi və sosial öhdəlikləri – MƏBLƏĞLƏR, QAYDALAR MƏQALƏ

2026.04.29 09:41 (UTC+04:00)

Vergi Məcəlləsinin 218.4.4-cü maddəsində göstərilən fiziki şəxslər bu Məcəllənin 220.10-cu maddəsində nəzərdə tutulan fəaliyyəti həyata keçirməyə başlayanadək müvafiq icra hakimiyyəti orqanından könüllü olaraq növbəti ay, rüb, yarımil və ya il üçün “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” almalıdır. Bu sənəd vergi ödəyicisi yazılı müraciət etdikdə 2 iş günündən gec olmayaraq, elektron qaydada müraciət etdikdə isə real vaxt rejimində verilir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi formada vergi orqanı ilə vergi ödəyicisi arasında razılaşma müqaviləsi bağlanıldıqda bu Məcəllənin 218.4.4-cü maddəsində göstərilən fiziki şəxslər hesablanmış vergini, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqlarını tam məbləğdə ödədikdən sonra “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” vergi orqanına müraciət etmədən 1 iş günündən gec olmayaraq elektron qaydada verilir.

Vergi Məcəlləsinin 220.10 maddəsinə əsasən, fərdi foto, audio-video xidmətləri sahəsində fəaliyyətlə məşğul olan şəxslər sadələşdirilmiş vergi ödəyiciləridir. Bu maddədə nəzərdə tutulan fəaliyyət növləri ilə fərdi qaydada muzdlu işçi cəlb etmədən, - fotostudiyalar istisna olmaqla, - məşğul olan bu Məcəllənin 218.4.4-cü maddəsində göstərilən fiziki şəxslər üçün sadələşdirilmiş vergi aylıq sabit məbləğlə müəyyən edilir.

Fərdi foto, audio-video xidmətləri (foto studiyalar istisna olmaqla) sahəsində fəaliyyətlə məşğul olan şəxslər üçün sadələşdirilmiş vergi aylıq sabit 15 manat həcmində hesablanır.

Vergi Məcəlləsinin 220.11-ci maddəsinə əsasən, bu Məcəllənin 220.10-cu maddəsində nəzərdə tutulan fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslər üçün aylıq verginin məbləği aşağıdakı əmsallar tətbiq edilməklə müəyyən edilir:

- Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) – 2,0;

- Gəncə, Sumqayıt və Xırdalan şəhərlərində – 1,5;

- Abşeron rayonunun qəsəbə və kəndləri (Xırdalan şəhəri istisna olmaqla), Şirvan, Mingəçevir, Naxçıvan, Lənkəran, Yevlax, Şəki və Naftalan şəhərlərində - 1,0;

- digər rayon (şəhər) və qəsəbələrdə (kəndlərdə) – 0,5;

Misal 1: Bakı şəhərində fərdi qaydada fotoqraf fəaliyyəti ilə məşğul olan hər hansı şəxs üçün aylıq hesablanan və ödənilməli sadələşdirilmiş vergi 30 manat təşkil edir:

15 x 2 = 30 manat.

Lənkəranda bu məbləğ 15 manat, Gəncədə isə 22.50 manat olaraq hesablanır:

15 x 1 =15 manat;
15 x 1.5 = 22.50 manat.

Onu da qeyd edək ki, sadələşdirilmiş vergi üçün hesabat dövrü rübdür.

İndi isə fotoqraf və videoqraf olaraq fərdi sahibkar kimi fəaliyyət göstərən şəxslər üçün nəzərdə tutulan məcburi dövlət sosial sığorta məbləğinin hesablanmasına baxaq.

“Sosial sığorta haqqında” Qanunun 14.5.1-1.2 maddəsinə əsasən, fotoqraf, videoqraf fəaliyyəti ilə məşğul olan fiziki şəxslər minimum aylıq əməkhaqqının 5 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəməlidirlər.

Qanunun 14.5.1-2 maddəsinə əsasən, aylıq sosial sığorta haqqının məbləği aşağıdakı əmsallar tətbiq edilməklə müəyyən olunur:

- Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) – 2,0;

- Abşeron rayonunda, Sumqayıt və Gəncə şəhərlərində – 1,5;

- Digər şəhər və rayonlarda – 1,0.

2026-cı ildə minimum aylıq əməkhaqqı məbləğinin 400 manat olduğunu nəzərə alsaq, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” təqdim edərək Bakı şəhərində fəaliyyət göstərən fotoqraf üçün məcburi dövlət sosial sığorta və icbari sosial sığorta məbləğini hesablayaq:

(400 x 5%) x 2 = 40 manat;

Gəncədə işləyən videoqraf və ya fotoqraf üçün bu məbləğ 30 manat, Lənkəranda isə 20 manat təşkil edir:

(400 x 5%) x 1,5 = 30 manat (Gəncədə);
(400 x 5%) x 1 = 20 manat (Lənkəran).

“Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” təqdim edərək Bakı şəhərində fəaliyyət göstərən fotoqraf və videoqraflar icbari tibbi sığorta məbləği isə minimum əməkhaqqının 4%-i məbləğində hesablanır:

400 x 4% = 16 manat.

Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2.000 manat, ikinci dəfə yol verdikdə 4.000 manat, üç və daha çox dəfə yol verdikdə 6.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.