Qəbələdə Azərbaycan-Çexiya biznes-forumu keçirilib YENİLƏNİB

2026.04.27 17:19 (UTC+04:00)

Aprelin 27-də Qəbələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Çex Respublikasının Baş naziri Andrey Babişin iştirakı ilə Azərbaycan-Çexiya biznes forumu keçirilib.

Azərbaycan Prezidenti və Çexiyanın Baş naziri tədbirdə çıxış ediblər.

Azərbaycanın İqtisadiyyat, Çexiyanın Sənaye və Ticarət nazirliklərinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Çexiyanın Sənaye Konfederasiyasının birgə təşkilatçılığı ilə keçirilən forumda hər iki ölkədən dövlət rəsmiləri ilə yanaşı, ticarət, enerji, sənaye, tikinti, maliyyə, nəqliyyat-logistika, İKT və xidmət sahələrində fəaliyyət göstərən şirkətlərin nümayəndələri iştirak ediblər.

Biznes forumda çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycanla Çexiya arasında iqtisadi əlaqələrin qarşılıqlı etimad və ortaq prioritetlər əsasında inkişaf etdiyini vurğulayıb. Qeyd olunub ki, tərəfdaşlığın gücləndirilməsində Çexiya ilə İqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiya effektiv institusional mexanizm rolunu oynayır. Çexiya Azərbaycanın əsas ticarət və ixrac tərəfdaşlarındandır.

Azərbaycan Çexiyanın enerji təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verir. Bununla yanaşı, ticarətin şaxələndirilməsi iqtisadi tərəfdaşlığın əsas prioritetlərindəndir. Çexiya ilə sənaye, ticarət, investisiya, enerji, o cümlədən yaşıl enerji, nəqliyyat-logistika və digər istiqamətlər üzrə birgə fəaliyyətin geniş perspektivləri qeyd edilib. Ölkəmizin iqtisadi potensialı, əlverişli işgüzar mühiti, ticarət, istehsal və logistikanı dəstəkləyən investisiya platformaları, həmçinin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında sərmayədarlar üçün yaradılan imkanlar diqqətə çatdırılıb.

Çexiyanın Baş nazirinin birinci müavini, sənaye və ticarət naziri Karel Havliçek Azərbaycanla Çexiya arasında iqtisadi tərəfdaşlığın möhkəmləndirilməsi üçün geniş imkanların mövcud olduğunu vurğulayıb, keçirilən biznes forum və bu qəbildən olan tədbirlərin işbirliyinin inkişafında önəmini qeyd edib, birgə fəaliyyətin inkişafı istiqamətləri haqqında fikirlərini bölüşüb.

AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev Azərbaycanın investisiya potensialı və iqtisadi imkanları barədə təqdimatla çıxış edib.

Çexiya Sənaye Konfederasiyasının prezidenti Yan Rafay isə biznes dairələri arasında əlaqələrin genişləndirilməsinin əhəmiyyətini vurğulayıb, əməkdaşlıq mexanizmləri və yeni tərəfdaşlıq imkanları barədə danışıb.

Forum çərçivəsində imzalanmış sənədlərin mübadiləsi mərasimi keçirilib. AZPROMO ilə “Frýdlantské Strojírny – TR s.r.o.” şirkəti, Çexiya-Moraviya Qadın Sahibkarlar Assosiasiyası ilə Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası arasında əməkdaşlıq memorandumları, AZPROMO ilə Çexiyanın Sənaye Konfederasiyası, Sumqayıt Texnologiyalar Parkı ilə “Škoda Transportation” şirkəti, “BCC Group CJSC Azerbaijan” ilə “WITKOWITZ, A.S., RADIS D.O.O” arasında isə anlaşma memorandumları mübadilə olunub.

Sənədlər sahibkarlığın inkişafına dəstək, biznes fəaliyyətinin genişləndirilməsi, sənaye, infrastruktur və nəqliyyat kimi sahələrdə işbirliyini təşviqini əhatə edir. Mübadilə olunan sənədlər Azərbaycan-Çexiya iqtisadi tərəfdaşlığının möhkəmləndirilməsinə və şaxələndirilməsinə töhfə verəcək.

Tədbir zamanı həmçinin B2B və B2G görüşlər təşkil olunub.

-----

16:15

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Çex Respublikasının Baş naziri Andrey Babişin iştirakı ilə keçirilən Azərbaycan – Çexiya biznes-forumunda ölkələrimizin biznes tərəfdaşlığının möhkəmləndirilməsi imkanlarını qeyd etdik.

Ticarət, investisiya, nəqliyyat, logistika, yaşıl enerji, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın perspektivləri, birgə fəaliyyətin təşviqi və işgüzar təmasların artırılması barədə fikirlərimizi bölüşdük.
İrəli sürülən ortaq təşəbbüslər və iqtisadi münasibətlərin keyfiyyətcə yeni səviyyəyə çatması əlaqələrimizin inkişafına və əməkdaşlığın dərinləşməsinə töhfə verəcək”.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında paylaşım edib.

-----

14:38

Aprelin 27-də Qəbələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Çex Respublikasının Baş naziri Andrey Babişin iştirakı ilə Azərbaycan-Çexiya biznes-forumu keçirilib.

Azərbaycan Prezidenti və Çexiyanın Baş naziri tədbirdə çıxış ediblər.

AZƏRTAC