Ələt Azad İqtisadi Zonası "Hannover Messe 2026" sərgisində təmsil olunub

2026.04.24 17:59 (UTC+04:00)

Ələt Azad İqtisadi Zonasının (AFEZ) nümayəndə heyəti dünyanın aparıcı sənaye sərgilərindən biri olan "Hannover Messe 2026"-da iştirak edib.

Aprelin 20-dən 24-dək Almaniyanın Hannover şəhərində keçirilən tədbir 3 minə yaxın şirkəti bir araya gətirib. Sərgidə AFEZ ayrıca stendlə təmsil olunub ki, burada iştirakçılar Ələt AİZ-də investorlar üçün yaradılan əlverişli biznes mühiti barədə ətraflı məlumat əldə edə biliblər. Sərgi çərçivəsində nümayəndə heyəti İtaliya, Türkiyə, Çin, Hindistan və digər ölkələrin şirkətləri ilə, həmçinin Alman-Azərbaycan Xarici Ticarət Palatasının dəstəyi ilə Almaniya biznes nümayəndələri ilə bir sıra görüşlər keçiriblər. Görüşlər zamanı potensial investorlara AFEZ-in unikal hüquqi bazası, tətbiq olunan geniş güzəştlər spektri, qabaqcıl nəqliyyat-logistika imkanları, hazır infrastruktur və kommunikasiyalarla təmin edilən sənaye sahələri barədə məlumat verilib.

AFEZ nümayəndələri Ələt Azad İqtisadi Zonasında təklif olunan üstünlükləri vurğulayaraq xarici investorları istehsal müəssisələri qurmağa dəvət ediblər.