Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Braziliyanın Mikro və Kiçik Biznesə Dəstək Xidmətinin (SEBRAE) nümayəndələrinin və Braziliya Federativ Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Manuel Adalberto Karlos Monteneqro Lopes da Kruzun iştirakı ilə onlayn görüş keçirilib.
"Azərbaycan və Braziliya arasında qadın sahibkarlığın inkişafı sahəsində əməkdaşlıq” mövzusuna həsr olunmuş görüşdə hər iki ölkənin qadın sahibkarları arasında əlaqələrin genişləndirilməsi və birgə layihələrin icrası məsələləri müzakirə edilib.
Görüşdə KOBİA tərəfindən Azərbaycanda qadın sahibkarlığının inkişafı, qadınların biznes fəaliyyətinin dəstəklənməsi tədbirləri barədə məlumat verilib, mümkün əməkdaşlıq istiqamətləri üzrə təkliflər diqqətə çatdırılıb. Həmçinin qeyd edilib ki, Azərbaycanda qadın sahibkarların şəbəkələşməsi məqsədilə ixtisaslaşmış assosiasiyalar da fəaliyyət göstərir. Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) nümayəndələri, eləcə də müxtəlif biznes sahələrini təmsil edən qadın sahibkarlar görüş zamanı fəaliyyətləri, yerli təşəbbüslər və gələcək əməkdaşlıq imkanları barədə fikirlərini bölüşüblər. Eyni zamanda görüşdə tekstil, təhsil və yüksək texnologiyalar sahəsində fəaliyyət göstərən qadın sahibkarların təqdimatları dinlənilib.