Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2026-cı ilin yanvar-mart ayları üzrə maliyyə göstəricilərini aşıqlayıb.
Fondun məlumatına görə, hesabat dövrünün sonuna Fondun aktivləri 73,5 milyard ABŞ dolları (124,9 milyard manat) səviyyəsində qərarlaşıb. Rüb ərzində Fondun ümumi gəlirləri 3,18 milyard manat, büdcə xərcləri isə 3,22 milyard manat təşkil edib.
Gəlirlərin əsas hissəsini 1,8 milyard manatla neft-qaz sazişləri üzrə daxilolmalar formalaşdırıb ki, bunun da 1,4 milyard manatı AÇG yatağının, təxminən 360 milyon manatı isə “Şahdəniz” yatağının payına düşüb. İnvestisiya fəaliyyəti üzrə qızıl qiymətlərinin artımı və valyuta məzənnələrindəki fərqlər hesaba 2,1 milyard manatlıq müsbət büdcədənkənar gəlir gətirsə də, investisiya portfelinin bazar dəyərinin dəyişməsi fonunda investisiya gəlirlərində 741,1 milyon manatlıq azalma qeydə alınıb.
Xərclər strukturunda ən böyük payı 3,21 milyard manatlıq transfert ilə dövlət büdcəsinə ayırmalar tutur. Bununla yanaşı, xaricdə təhsil proqramlarına və ali təhsilin rəqabətliliyinin artırılmasına 7,1 milyon manat, Fondun idarə edilməsinə isə 6,4 milyon manat vəsait yönəldilib.