Analıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi?

2026.04.29 12:58 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 102.5-ci maddəsinə əsasən, qohumluq dərəcəsindən asılı olmayaraq himayəsində azı üç nəfər, o cümlədən gündüz təhsil alan 23 yaşınadək şagirdlər və tələbələr olan ər və ya arvaddan birinin vergi tutulmalı olan aylıq gəliri 50 manat məbləğində azaldılır. Əgər hər iki valideyn işləyirsə, bu güzəşt valideynlərin hər ikisinə deyil, yalnız birinə şamil edilir

Bildirilib ki, təqaüd, pensiya və işsizlikdən sığorta ödənişi alan şəxslər (uşaqlardan başqa), qanuna əsasən tam dövlət təminatında olan şəxslər himayədə olanlara aid edilmirlər.

Qeyd olunanlara əsasən, fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu iş yerində) muzdlu işlə əlaqədar əldə etdiyi gəliri himayəsində 3 nəfər olması ilə əlaqədar müvafiq təsdiqedici sənədlər, yəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”nın 1.15-ci bəndinə əsasən ər və arvaddan birinin güzəştdən istifadə edib-etməməsi barədə onların əsas iş yerindən işəgötürənin arayışı və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin təsdiq etdiyi formada yerli icra hakimiyyəti və ya bələdiyyə tərəfindən verilmiş arayışlar təqdim edildiyi halda, 50 manat məbləğində azaldılır.

Sorğuya cavab olaraq bildiririk ki, analıq məzuniyyəti dövründə alınan müavinət bu güzəştdən istifadə etmək üçün maneə yaratmır. Bu halda iki azyaşlı uşaq və həyat yoldaşı daxil olmaqla, himayənizdə olan şəxslərin sayı 3-ə çatdığı üçün sözügedən güzəştdən istifadə etmək hüququnuz yaranır.

Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi və Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”