Kocaelidə Azərbaycanın biznes və investisiya imkanları tanıdılıb

2026.04.22 19:58 (UTC+04:00)

Türkiyənin Kocaeli şəhərində Azərbaycanın Türkiyədə ticarət nümayəndəsi aparatının və Kocaeli Ticarət Palatasının birgə təşkilatçılığı ilə Azərbaycanda investisiya imkanları mövzusunda görüş keçirilib.

İş adamlarının geniş iştirakı ilə keçirilən tədbirdə Azərbaycanın Türkiyədə ticarət nümayəndəsi Tamerlan Tağıyev və Kocaeli Ticarət Palatasının rəhbəri Necmi Bulut çıxış edərək Azərbaycan ilə Türkiyə arasında iqtisadi münasibətlərin dinamik inkişaf etdiyini vurğulayıblar. Çıxışlarda Azərbaycanın əlverişli biznes və investisiya mühiti, sahibkarlara təqdim olunan güzəştlər, sənaye zonaları, logistika imkanları, eləcə də qeyri-neft sektorunda reallaşdırılan layihələr barədə məlumat verilib.

Tədbir çərçivəsində mövzu ilə bağlı təqdimatlar keçirilib, Azərbaycan iqtisadiyyatının prioritet istiqamətləri, ixrac imkanları və investorlara yaradılan şərait iştirakçıların diqqətinə çatdırılıb. Eyni zamanda, tədbirdə iştirak edən iş adamlarının sualları cavablandırılıb, onları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində bir sıra müəssisələrin fəaliyyəti ilə tanışlıq olub.