Azərbaycanda vergi mədəniyyətinin inkişafının bəzi institusional aspektləri MƏQALƏ

2026.04.21 14:00 (UTC+04:00)

Azərbaycanın sosial-iqtisadi inkişafının müasir mərhələsində vergi mədəniyyəti mühüm əhəmiyyət kəsb edəb məsələlərdən biri sayılır. Vergi sistemində bu proses vergi inzibatçılığının daha şəffaf və xidmət yönümlü institusional modelə keçidini sürətləndirir. Vergi mədəniyyətinin institusional inkişaf modeli dövlət ilə vergi ödəyiciləri arasında etimada əsaslanan fiskal münasibətlərin formalaşmasına şərait yaradır.

Vergilər dövlət büdcəsinin formalaşmasında əsas rol oynayan fiskal mexanizmdir. Vergi sisteminin səmərəliliyi birbaşa olaraq cəmiyyətin vergi mədəniyyəti səviyyəsindən asılıdır. Yəni vətəndaşların vergilərin əhəmiyyətini dərk etməsi və qanunvericiliyə şüurlu şəkildə əməl etməsi fiskal idarəetmənin keyfiyyətini müəyyən edən əsas amillərdəndir.

Dünya praktikasında vergi mədəniyyətinin səviyyəsi institusional və sosial amillərdən asılı olaraq fərqlənir. Məsələn, Şimali Avropa ölkələri, o cümlədən İsveç və Danimarkada vergi intizamı ənənəvi olaraq yüksək səviyyədədir, vətəndaşlar vergiləri məmnuniyyətlə ödəyirlər. Çünki onlar ödədikləri vəsaitlərin ictimai rifahın təmin edilməsinə, keyfiyyətli təhsil və səhiyyə sisteminin maliyyələşdirilməsinə yönəldildiyini anlayırlar. Burada vergilər yalnız maliyyə yükü deyil, həm də resursların ədalətli bölgüsü alətidir.

Almaniyada vergi mədəniyyəti uzunmüddətli institusional inkişaf prosesində formalaşmışdır, fiskal intizam, hüquqi müəyyənlik və inzibati şəffaflıq prinsipləri yüksək qiymətləndirilir. Dövlət orqanları vətəndaşları büdcə vəsaitlərinin xərclənməsi, vergidən yayınmanın nəticələri barədə müntəzəm olaraq məlumatlandırır.

Yaponiyada vergi mədəniyyəti daha çox sosial və etik məsuliyyət amili kimi ön plana çıxır: vergilərin ödənilməməsi cəmiyyətdə qəbuledilməz davranış kimi qəbul edilir ki, bu da könüllü əməletmənin yüksək səviyyədə formalaşmasına şərait yaradır.

Azərbaycanda son illərdə vergi mədəniyyətinin yüksəldilməsi istiqamətində institusional və inzibati islahatlar həyata keçirilmiş, vergi inzibatçılığının modernləşdirilməsi məqsədilə elektron xidmətlər tətbiq edilmiş, bəyannamələrin təqdim olunması prosesi sadələşdirilmiş, vətəndaşların media və təhsil proqramları vasitəsilə aktiv şəkildə məlumatlandırılması təmin edilmişdir. Sahibkarlar vergi məsələləri üzrə elektron informasiya və məsləhət xidmətlərindən istifadə edə bilirlər.

Vergi mədəniyyətinin formalaşdırılmasının əsas institusional mexanizmləri

Vergi mədəniyyəti səviyyəsinin yüksəlməsi müxtəlif amillərdən asılıdır. Bu proses yalnız inzibati nəzarət mexanizmləri ilə deyil, eyni zamanda, sosial, hüquqi və iqtisadi alətlərin qarşılıqlı təsiri ilə formalaşır. Təhsil sistemi vergi mədəniyyətinin inkişafında mühüm rol oynayan əsas institutlardan biri sayılır. Vergi sahəsində biliklərin erkən yaşlardan formalaşdırılması, vergi öhdəliklərinə məsuliyyətli münasibətin aşılanması vergi mədəniyyətinin dayanıqlı yüksəlişini təmin edən fundamental amillərdir.

Fiskal şəffaflıq və hesabatlılıq da mühüm əhəmiyyət kəsb edir: vətəndaşlar dövlətin vəsaitlərini necə xərclədiyini bilməli, büdcə vəsaitlərinin sosial proqramların, infrastruktur layihələrinin, təhsil və səhiyyə kimi vacib sistemlərin maliyyələşdirilməsinə yönəldildiyinə əmin olmalıdırlar.

Müasir elektron (rəqəmsal) xidmətlər və prosedurların sadələşdirilməsi vergilərin ödənilməsini daha əlçatan və operativ edir, inzibati yükü azaldır və öhdəliklərin könüllü yerinə yetirilməsini stimullaşdırır.

Sosial məsuliyyətin formalaşdırılması da vacibdir: ictimai məsuliyyət və fiskal ədalət prinsiplərinin möhkəmləndirilməsi, hər bir vətəndaşın vergilərin ödənilməsini ictimai rifaha töhfə kimi dərk etməsi vergi mədəniyyətinin əsasını təşkil edir. Bu amillərin qarşılıqlı təsiri nəticəsində vergi ödəyicilərinin könüllü əməletmə davranışı formalaşır və fiskal sistemin səmərəliliyi artmış olur.

Vergi mədəniyyətinin formalaşmasında təhsil və maarifləndirmənin rolu

Sistemli maliyyə və vergi savadlılığı olmadan vergi mədəniyyətinin formalaşdırılması mümkün deyildir. Hər bir kəs hələ şagird və tələbə olarkən başa düşməlidir ki, vergilər yalnız bürokratik öhdəlik deyil, həm də dövlətin fiskal dayanıqlığının və sosial-iqtisadi inkişafının əsas maliyyə təminatıdır. Vergilər barədə bilik gənclərin maliyyə məsələlərinə şüurlu yanaşmasını formalaşdırır, dövlət gəlirləri ilə əhalinin həyat səviyyəsi arasında fiskal əlaqəni görməyə imkan verir.

Fikrimizcə, aşağıda qeyd olunan praktiki addımlar vergi mədəniyyətinin formalaşmasında xüsusi rol oynayır:

1. Orta ümumtəhsil məktəb proqramına “Maliyyə-vergi savadlılığı” oxu materialının daxil edilməsi. Burada iqtisadiyyat, maliyyə və büdcə savadlılığı, o cümlədən vergilər, onların yığılması və xərclənməsi izah oluna bilər. Büdcə simulyasiyaları və buna bənzər metodlar şagirdlərə vergilərin praktiki əhəmiyyətini göstərə bilər. Yeri gəlmişkən, qeyd edək ki, vaxtilə məktəb şagirdləri üçün “Vergilər” adlı dərs vəsaiti nəşr edilmişdir.

2. Universitetlərdə vergi sistemi, vergi inzibatçılığı, mühasibat və vergi uçotu, maliyyə planlaşdırılması və proqnozlaşdırılması, sahibkarlığın fiskal məsuliyyəti üzrə qısamüddətli təlimlər, mühazirələr və dəyirmi masalar təşkil edilə bilər.

3. Media, xüsusən də sosial şəbəkələr vasitəsilə maarifləndirmə kampaniyaları. Məqalələr, infoqrafikalar və onlayn təlimlər geniş auditoriyada vergilərin rolunu başa düşməyi təmin edə və fiskal institutlara ictimai etimadı gücləndirə bilər. Buna Dövlət Vergi Xidmətinin (DVX) Tədris Mərkəzi tərəfindən hazırda keçirilən tədbirlərin sosial şəbəkələr vasitəsilə yayımlanması nümunə kimi göstərilə bilər.

4. Layihələr, müsabiqələr, vergi orqanlarında təcrübələr, büdcənin formalaşdırılmasının simulyasiyasında gənclərin iştirakının təmin edilməsi onların biliklərini möhkəmləndirir və ölkənin gələcəyi üçün şəxsi məsuliyyət hissini formalaşdırır. Yeri gəlmişkən, qeyd edək ki, yüksək akademik göstəricilərlə fərqlənən tələbələrin vergi sahəsinə marağının artırılması, gələcəkdə dövlət vergi orqanlarında işə qəbulunun stimullaşdırılması məqsədilə DVX-nin təşkilatçılığı ilə hər il Yay Təcrübə Proqramı layihəsi həyata keçirilir.

Bir sözlə, təhsil və maarifləndirmə vergi mədəniyyətinin institusional əsasını formalaşdırır.

Vergi davranışında sosial məsuliyyət və etik dəyərlər

Vergi mədəniyyəti vətəndaşlarda dürüstlük, ictimai məsuliyyət və hüquqauyğun davranış prinsipləri olmadan mümkün deyildir.

1. Mənəvi dəyərlərin formalaşdırılması. Cəmiyyət vergidən yayınmanı sosial baxımdan qəbuledilməz, vergilərin ödənilməsini isə vətəndaşlıq məsuliyyəti kimi qəbul etməlidir. Əsas məqsəd vergilərin könüllü ödənilməsinin cəmiyyətin normasına çevrilməsindən ibarətdir.

2. Müsbət nümunələr. Media məsuliyyətli vergi ödəyicilərinin fəaliyyətini ictimai nümunə kimi, bunun ölkənin iqtisadi inkişaf və fiskal sabitliyinə müsbət təsir etdiyini təqdim edə bilər.

3. Dürüst biznesə dəstək. Vergi qanunvericiliyinə əməl edən sahibkarları stimullaşdıran dövlət proqramları biznes və dövlət arasında institusional etimadı möhkəmləndirir.

Beləliklə, sosial məsuliyyət vergi intizamını məcburi öhdəlikdən könüllü davranış normasına çevirir və cəmiyyətin mənəvi mədəniyyətinin ayrılmaz komponentinə çevrilir.

Vergi davranışının inkişafını izah edən yanaşmalardan biri dörd mərhələli model sayılır:

1. Məcburi uyğunlaşma (Enforced compliance) – Vergi ödəyiciləri tətbiq ediləcək cərimə və sanksiyalardan ehtiyat edərək vergiləri ödəyirlər;

2. Etimada əsaslanan uyğunlaşma (Trust-based compliance) - Dövlətə inam artdıqca vergi ödəyiciləri vergiləri könüllü ödəyirlər;

3. Sosial norma mərhələsi (Tax morale stage) - Vergi ödəmək cəmiyyət üçün adi və düzgün davranış kimi qəbul olunur;

4. İnstitusional konsolidasiya (Institutional consolidation) – Güclü və etibarlı sistem formalaşır, könüllü əməletmə üstünlük təşkil etməyə başlayır.

Bu modellər göstərir ki, vergi intizamı cəmiyyətin institusional yetkinliyi ilə sıx bağlıdır.


Rəqəmsallaşma və vergi mədəniyyəti

Müasir iqtisadiyyatlarda vergi mədəniyyəti yalnız normativ-hüquqi tənzimləmə mexanizmləri ilə deyil, eyni zamanda, informasiya mühiti, fiskal şəffaflıq səviyyəsi və dövlət xidmətlərinin keyfiyyəti ilə formalaşır.

Rəqəmsal mexanizmlər insan amilindən irəli gələn subyektiv müdaxilə imkanlarını minimuma endirir və vahid yanaşmanın tətbiqini təmin edir.

Rəqəmsallaşma vergi ödəyicisi ilə dövlət arasında münasibətlərin psixologiyasını dəyişir, çünki xidmət yönümlü interfeys və sürətli geribildirim dövlət idarəçiliyinin daha çevik və səmərəli olduğunu nümayiş etdirir. Bu transformasiya nəticəsində vergi ödəmək inzibati prosedurdan iqtisadi fəaliyyətin normal və sistemli elementinə çevrilir. Vergi mədəniyyətinin əsas məqsədi də məhz bu fiskal davranışın normaya çevrilməsini təmin etməkdir.

Vergi mədəniyyəti ilə rəqəmsallaşma arasındakı əlaqə uzunmüddətli fiskal strategiya baxımından strateji xarakter daşıyır. Uzunmüddətli fiskal dayanıqlılıq və büdcə sabitliyi könüllü əməletmənin səviyyəsindən asılıdır. Texnologiya bu uyğunlaşmanı inzibati nəzarət mexanizmləri ilə deyil, xidmət yönümlü idarəetmə və fiskal şəffaflıq vasitəsilə təmin edir. Bu, vergi sisteminin legitimliyini gücləndirir və dövlətin iqtisadi siyasət alətlərini daha səmərəli və məqsədyönlü edir.

Azərbaycanda vergi mədəniyyətinin formalaşması və inkişaf perspektivləri

Dünya təcrübəsi göstərir ki, vergi mədəniyyəti yalnız dövlət institutlarına etimadın yüksək olduğu, şəffaflığın təmin edildiyi və vətəndaşların iqtisadi proseslərdə fəal iştirak etdiyi cəmiyyətlərdə formalaşır. Vergi mədəniyyəti dövlət və cəmiyyət arasında qarşılıqlı məsuliyyətə əsaslanan fiskal münasibətlərin formalaşmasını təmin edən mexanizm kimi çıxış edir.

Son illərdə ölkəmizdə vergi mədəniyyətinin inkişafı istiqamətində aktiv addımlar atılır. Bu proses fiskal şəffaflığın artırılması, inzibati yükün azaldılması və vergi ödəyiciləri ilə dövlət arasında etimadın möhkəmləndirilməsinə xidmət edir. Gələcəkdə əsas məqsəd inzibati nəzarətə əsaslanan vergi davranış modelindən könüllü vergi mədəniyyətinə əsaslanan fiskal davranış modelinə keçidin tam təmin edilməsindən ibarətdir.

Rəqəmsallaşma, fiskal şəffaflıq və institusional idarəetmə mexanizmlərinin inkişafı vergi mədəniyyətinin yeni mərhələyə yüksəlməsinə şərait yaradır. Müasir fiskal idarəetmə yanaşmalarında vergi mədəniyyətinin formalaşması dövlət və vətəndaş arasında qarşılıqlı etimada əsaslanan fiskal sosial müqavilənin möhkəmlənməsi ilə sıx bağlıdır. Beləliklə, müasir qlobal transformasiya şəraitində vergi mədəniyyəti dövlət və cəmiyyət arasında qarşılıqlı etimada əsaslanan institusional münasibətlər sisteminə çevrilir. Rəqəmsallaşma, fiskal şəffaflıq və xidmət yönümlü idarəetmə bu münasibətlərin inkişafını sürətləndirən əsas amillər kimi çıxış edir.

Azərbaycanın vergi sistemində həyata keçirilən islahatlar bu istiqamətdə inkişaf üçün mühüm zəmin yaratmışdır. Qarşıdakı dövrdə əsas vəzifə vergi öhdəliyinin könüllü əməletməsini daha da gücləndirmək, fiskal etik dəyərləri inkişaf etdirmək və vergi mədəniyyətini milli inkişaf strategiyasının ayrılmaz tərkib hissəsinə çevirməkdən ibarətdir.

Şahzadə Mədətova,
DVX-nin Tədris Mərkəzinin əməkdaşı