Azər Əkbərov: “Fintex sektoru rəqəmsal iqtisadiyyatın infrastrukturunu formalaşdırır” MÜSAHİBƏ

2026.04.17 11:59 (UTC+04:00)

- Azər müəllim, AzFina-nı yaxından tanımaq istərdik. Assosiasiya ölkədə rəqəmsal maliyyə ekosisteminin inkişafı və fintexlərin rəqabət qabiliyyətinin artırılması istiqamətində hansı işləri görür?

- Əvvəlcə onu deyim ki, AzFina 2020-ci ilin dekabrından maliyyə xidmətləri sahəsində fəaliyyət göstərən 6 aparıcı şirkət tərəfindən yaradılmış ictimai birlikdir. Assosiasiyada ödəniş terminalları, ödənişlərin aqreqasiyası, mobil ödənişlər, elektron pulun emissiyası, QR ödənişləri və digər rəqəmsal maliyyə xidmətləri üzrə fəaliyyət göstərən 25 üzv təşkilat təmsil olunur. Üzvlərimiz arasında ölkənin “PashaPay”, “GoldenPay”, “United Payment”, “eManat”, “A-Kart”, “Portmanat” və “ePoint” kimi aparıcı oyunçuları yer alır.

Bizim əsas məqsədimiz ölkədə rəqəmsal maliyyə ekosisteminin inkişafına dəstək verməkdir. Rəqəmsal iqtisadiyyata keçid üçün şərait yaratmaq, fintex şirkətlərinin inkişafını təşviq etmək, onların maraqlarını dövlət və qeyri-dövlət institutlarında təmsil və müdafiə etmək, habelə bazar iştirakçıları arasında daha səmərəli əməkdaşlığı gücləndirmək də əsas hədəflərimizdəndir.

Assosiasiyanın funksional vəzifələrinə fintex şirkətlərinin inkişafına dəstək verməklə yanaşı, bazar trendlərinin təhlili və beynəlxalq təcrübənin yerli mühitdə tətbiqi daxildir. AzFina maliyyə qanunvericiliyi üzrə təkliflər hazırlayır və peşəkar standartları formalaşdırır, eyni zamanda forumlar və maarifləndirici tədbirlər təşkil edərək sektorda aktiv fəaliyyət göstərir.

Son illərdə Azərbaycanda fintexlərin beynəlxalq əlaqələri
nəzərəçarpacaq dərəcədə genişlənib və AzFina
bu əlaqələrin qurulmasında əsas platformalardan biridir

- Yerli tənzimləyici qurumlar və beynəlxalq təşkilatlarla münasibətləriniz necə qurulub və bu əməkdaşlıq sektorun inkişafına hansı töhfələri verir?

- Assosiasiyamız son illərdə bir sıra mühüm təşəbbüs və layihələr həyata keçirib. Tərəfdaşlıq şəbəkəsini genişləndirərək Beynəlxalq Maliyyə Korporasiyası (IFC), VISA və “MasterCard” da daxil olmaqla, 20-dən çox beynəlxalq qurumla əməkdaşlıq edirik. Xüsusi olaraq vurğulamaq istərdim ki, 2024-cü ildə Türk Dövlətləri Fintex Alyansının yaradılmasına da nail olmuşuq.

Maarifləndirmə istiqamətində onu deyə bilərəm ki, Bakı Mühəndislik və Qərbi Kaspi universitetləri ilə əməkdaşlıq memorandumları imzalanıb. Bu çərçivədə ali təhsil müəssisələrində “Fintech Talks” layihəsi, həmçinin kibertəhlükəsizlik, fırıldaqçılıqla mübarizə və maliyyə savadlılığı mövzularında seminarlar təşkil edilib. Bundan əlavə, qurum “Baku Fintech Forum” və Azərbaycan-Türkiyə Fintex Forumu kimi nüfuzlu platformaların da təşkilatçısıdır. Bu əməkdaşlıqların praktik nəticəsi ondan ibarətdir ki, yerli fintexlər artıq yalnız daxili bazar oyunçusu kimi deyil, regional partnyor və texnologiya tətbiqçisi kimi çıxış etməyə başlayırlar. Xüsusilə ödənişlər, elektron pul, rəqəmsal identifikasiya, açıq bankçılıq və digər sahələrdə xarici tərəfdaşlıqların dərinləşməsi gözlənilir. Son illərdə Azərbaycanda fintexlərin beynəlxalq əlaqələri nəzərəçarpacaq dərəcədə genişlənib və AzFina bu əlaqələrin qurulmasında əsas platformalardan biridir.

Sualınızın digər hissəsinə gəlincə, AzFina Mərkəzi Bankın mühüm layihələrində sektor nümayəndəsi kimi iştirak edir. Buraya “Açıq bankçılıq”, QR ödənişləri, Xüsusi Tənzimləmə Rejimi (Regulatory Sandbox) və Paylanılmış KYC kimi ölkə əhəmiyyətli təşəbbüslər daxildir.

Ödənişlərin sürətlənməsi, maliyyə xidmətlərinə çıxışın genişlənməsi,
nağdsız hesablaşmaların payının artması, elektron ticarətin
böyüməsi və dövlət ödənişlərinin rəqəmsallaşması məhz
fintex həlləri və ödəniş infrastrukturu vasitəsilə reallaşır

- Sadaladığınız rəqəmsal təşəbbüslər maliyyə bazarı iştirakçıları üçün hansı praktik imkanlar yaradır?

- Mərkəzi Bank tərəfindən istifadəyə verilən “Açıq bankçılıq” platforması banklar və fintex şirkətləri arasında etibarlı məlumat mübadiləsini təmin etmək, innovativ maliyyə xidmətlərinin inkişafını sürətləndirmək və rəqabət mühitini təşviq etmək üçün yaradılıb. Xüsusi tənzimləmə rejiminə gəlincə, bu xidmət maliyyə institutları və fintex təşkilatlarının innovativ maliyyə xidmətlərinin müəyyən edilmiş müddət və nəzarət altında real müştərilərlə sınaqdan keçirilməsinə, xidmətin bazarda tətbiqi müddətinin daha da sürətləndirilməsinə, onun rəqabətə davamlılığının artırılmasına və bir sıra maneələrin aradan qaldırılmasına imkan yaradır. “Öz müştərini tanı” (KYC) platforması isə banklara və digər maliyyə qurumlarına müştərilərin eyniləşdirilməsi prosesinin asanlaşdırılması, məlumat mübadiləsinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində dəstək olacaq. Ani Ödənişlər Sistemi (AÖS) isə 24/7 rejimdə işləyir və fiziki şəxslər, biznes subyektləri, banklar, qeyri-bank ödəniş xidməti təchizatçıları və dövlət qurumları arasında ödənişlərin saniyələr içində tamamlanmasına imkan verir.

- Bu müasir texnoloji həllər və platformalar bütövlükdə Azərbaycanın rəqəmsal iqtisadiyyatına necə təsir edir və vətəndaşlar üçün hansı üstünlüklər yaradır?

- Fintex sektoru Azərbaycanda rəqəmsal iqtisadiyyatın infrastrukturunu formalaşdırır. Ödənişlərin sürətlənməsi, maliyyə xidmətlərinə çıxışın genişlənməsi, nağdsız hesablaşmaların payının artması, elektron ticarətin böyüməsi və dövlət ödənişlərinin rəqəmsallaşması məhz fintex həlləri və ödəniş infrastrukturu vasitəsilə reallaşır. Sözsüz ki, fintex sektoru həm də maliyyə inklüzivliyinin dərinləşməsinə xidmət edir. AÖS-ün 24/7 rejimdə işləməsi, mobil bankçılıq və internet bankçılığın artan payı, sosial və əməkhaqqı kartlarında nağdsız əməliyyatların yüksəlməsi, eləcə də regionlarda elektron ödəniş xidmətlərinə çıxışın genişlənməsi rəqəmsal iqtisadiyyatda vətəndaş iştirakını artıran amillərdir.

Süni intellekt, “fraud” analitikası və biometrik
identifikasiya əsas rəqabət alətlərindən birinə çevriləcək

- Rəqəmsal iqtisadiyyatın dərinləşdiyi bir mərhələdə yerli fintex şirkətləri öz xidmətlərini daha effektiv və təhlükəsiz etmək üçün süni intellekt imkanlarından necə yararlanırlar?

- Azərbaycanda yerli fintexlərin süni intellektdən istifadəsi hələ tam kütləviləşmiş mərhələdə olmasa da, praktiki tətbiqlər artıq görünməkdədir. İstiqamətlərdən biri süni intellekt əsaslı çatbotların təqdim edilməsi və müştəri müraciətlərinin onun vasitəsilə emal olunmasıdır. Digər istiqamət “anti-fraud” və risk idarəetməsidir. Bazarda AI/ML əsaslı fırıldaqçılığın aşkarlanması, anomaliya analizi, şübhəli tranzaksiyaların monitorinqi və identifikasiya mexanizmlərinə maraq artmaqdadır.

Bunlardan əlavə, tənzimləyici və nəzarət mühitinin özündə süni intellektdən istifadə təşviq olunur. Mərkəzi Bankın 2024–2029-cu illər üzrə “SupTech” Yol Xəritəsində böyük verilənlər, inkişaf etmiş analitika, təbii dil emalı, süni intellekt və maşın öyrənməsi əsasında “risk skoring” alətlərinin tətbiqi ayrıca vurğulanır. Bu, bazara aydın siqnaldır ki, gələcək dövrdə təkcə fintexlər deyil, tənzimləyici ekosistemin özü də “data-driven” modelinə (məlumatlara əsaslanan model) keçir. Nəticə etibarilə, yerli fintexlərdə süni intellekt ən çox “fraud-monitoring”, KYC/AML avtomatlaşdırılması, kredit və “risk skoring”, müştəri davranış analitikası, “chatbot” və rəqəmsal “onboarding” sahələrində istifadə olunacaq və ya artıq ilkin formada istifadə edilir də deyə bilərik.

- Süni intellekt və rəqəmsallaşma maliyyə xidmətlərində geniş imkanlar açsa da, sürətli keçid hansı kibertəhlükəsizlik risklərini gətirir və sektor bu təhdidlərlə necə mübarizə aparır?

- Fintex sektorunda kibertəhlükəsizliklə bağlı əsas narahatlıqlar bir neçə istiqamətdə cəmlənir. Kart məlumatlarının oğurlanması və sosial mühəndislik, OTP kodlarının ələ keçirilməsi və fişinq, açıq API-lər və üçüncü tərəf inteqrasiyalarında təhlükəsizlik boşluqları, yüksəksürətli rəqəmsal ödəniş mühitində fırıldaqçılığın real vaxtda aşkarlanmasının çətinləşməsidir. Təhdidlərin əhəmiyyətli hissəsi insan davranışı və istifadəçi savadlılığı ilə bağlıdır.

Tənzimləyici səviyyədə isə Mərkəzi Bank kiberdavamlılığı prioritet istiqamət kimi müəyyən edib. Rəsmi hesabatda ödəniş sistemlərinin sabit, təhlükəsiz və effektiv işləməsinin prioritet olduğu, qlobal rəqəmsallaşma fonunda sistemlərin kiberdavamlılığına fokuslandığı qeyd olunur. Bundan əlavə, 2025-ci ildə Mərkəzi Bank ilə Elektron Təhlükəsizlik Xidməti arasında maliyyə sektorunda informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik üzrə əməkdaşlıq gücləndirilib, bu çərçivədə həm sektor iştirakçıları, həm də geniş ictimaiyyət üçün maarifləndirmə təşəbbüsləri nəzərdə tutulub.

Bununla yanaşı, güclü müştəri autentifikasiyası, ödəniş agentləri, ödəniş institutları və elektron pul təşkilatları üçün normativ tələblərin təsdiqlənməsi sektorun təhlükəsizlik standartlarının sistemli şəkildə yüksəldiyini göstərir. Burada əsas vəzifə yalnız texniki müdafiə deyil, həm də vahid sektor standartlarının qurulması, cavab mexanizmlərinin təkmilləşdirilməsi və məlumat mübadiləsinin institusional çərçivəyə salınmasıdır.

Gələcəkdə süni intellekt daha çox “risk skoring”,
AML monitorinqi, müştəri xidmətinin
avtomatlaşdırması və kibertəhlükəsizlikdə tətbiq ediləcək

- Yaxın 5 il üçün Azərbaycanın fintex sektoru ilə bağlı proqnozlarınız nədən ibarətdir və bazarda hansı köklü dəyişikliklər gözlənilir?

- Yaxın 5 ildə sektorda bir sıra dəyişikliklər gözlənilir. Bunu xüsusi vurğulamaq istərdim ki, bazarın institusional formalaşmasının tamamlanacağını gözləyirik. 2024–2025-ci illərdə lisenziyalaşdırma və normativ çərçivənin əsas hissəsi qurulduğuna görə, növbəti mərhələdə bazarın konsolidasiyası, dayanıqlı və miqyaslana bilən iştirakçı modelinə keçid baş verəcək.

Digər tərəfdən, haqqında bəhs etdiyimiz “Açıq bankçılıq” real məhsullara çevriləcək. Tətbiqin texniki və normativ bazası artıq formalaşdığı üçün növbəti 3–5 ildə multi-bank tətbiqlər, müxtəlif bank hesablarının bir platformada birləşdirilməsi, “smart personal finance management” (ağıllı fərdi maliyyə idarəetməsi) həlləri, “embedded finance” (maliyyə xidmətlərinin digər platformalara inteqrasiyası) məhsulları və alternativ skorinq modelləri bazara çıxarılacaq. Hesab edirəm ki, rəqəmsal ödənişlərdə “real-time” (real vaxt rejimində), “contactless” (təmassız) və “device-based payments”(cihazəsaslı ödənişlər) daha da sürətlənəcək.

Süni intellekt, “fraud” analitikası və biometrik identifikasiya əsas rəqabət alətlərindən birinə çevriləcək. Mərkəzi Bankın “SupTech” yanaşması bazarda biometrik ödəniş təşəbbüsləri və “anti-fraud” fokusunun artması bunu göstərir. Gələcəkdə süni intellekt daha çox “risk skoring”, AML monitorinqi, müştəri xidmətinin avtomatlaşdırması və kibertəhlükəsizlikdə tətbiq ediləcək. Düşünürük ki, sektorun gündəliyində kiberdavamlılıq və məlumat təhlükəsizliyi daha sərt tələblərlə önə çıxacaq. Rəqəmsallaşma artdıqca təkcə məhsul innovasiyası deyil, həm də təhlükəsizlik və uyğunluq imkanları əsas rəqabət meyarına çevriləcək. Kriptoaktivlər sahəsində tənzimləyici çərçivə müəyyən ediləcək və normativ-hüquqi aktlar qəbul olunacaq. Xüsusi tənzimləmə rejimi çərçivəsində uğurlu layihələr həyata keçirildiktən sonra kriptoaktivlərin alğı-satqısı, köçürülməsi, mübadiləsi və digər xidmətlər üzrə rəqəmsal həllər təklif olunacaq.

Faiq KƏRİMOĞLU