Yanvar-iyul aylarında banklar tərəfindən əhaliyə 1.364.379,3 min həcmində ABŞ dolları satılıb

2019.09.02 15:45 (UTC+04:00)

Bu ilin ilk yeddi ayında Azərbaycanda banklar tərəfindən əhaliyə satılan nağd ABŞ dolları kütləsinin həcmi 1.364.379,3 min dollar təşkil edib ki, bu da 2018-ci ilin müvafiq dövrünə nisbətən 243.526,2 min dollar və ya 15,1 faiz azdır. Mərkəzi Bankdan verilən məlumata görə, buna baxmayaraq, cari ilin iyul ayında ölkə əhalisi tərəfindən 238.970,5 min dollar alınıb. Bu isə iyun ayına nisbətən 59.537,5 min dollar və ya 33,2 faiz, ötən ilin iyul ayına nisbətən isə 49.663,9 min dollar və ya 26,2 faiz çoxdur. Qeyd edək ki, iyul ayında əhali tərəfindən nağd dollar alışının artımı əsasən insanların bu mövsümdə xarici ölkələrə daha çox səfər etməsi ilə əlaqədardır.

Bundan başqa, hesabat dövründə ölkə əhalisinin banklara satdığı nağd dollar kütləsinin ümumi həcmi 1.103.341,8 min dollar təşkil edib ki, bu da 2018-ci ilin müvafiq dövrünə nisbətən 109.071,2 min dollar və ya 9 faiz azdır. Kommersiya bankları tərəfindən iyulda əhalidən alınan nağd dolların məbləği 165.506,0 min dollar təşkil edib. Bu göstərici son bir ayda 23.663,4 min dollar və ya 16,7 faiz artıb, son bir ildə isə 9.835,6 min dollar və ya 5,6 faiz azalıb.
Beləliklə, cari ilin yanvar-iyul aylarında Azərbaycanda əhali tərəfindən nağd dolların alışı satışı 261.037,5 min dollar, iyulda isə 73.464,5 min dollar üstələyib.