Aleksey Overçuk: “Rusiya və Azərbaycan ticarət həcminin artırılması üzərində işləyir”

2026.04.16 17:59 (UTC+04:00)

Hazırkı iclas Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonunda keçirilir və bu, regionda əməkdaşlığın yeni mərhələsini əks etdirir.

Bu barədə Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Azərbaycan və Rusiya Hökumətlərarası Komissiyanın 24-cü iclasında bildirib.

Onun sözlərinə görə, Rusiya tərəfi Azərbaycan ərazisində həyata keçirilən investisiya və inkişaf layihələrində yerli biznesin daha fəal iştirakını dəstəkləyir.

“Hazırda iki ölkə arasında uğurlu əməkdaşlıq nümunələri mövcuddur və bu proses genişlənməkdədir. Biznes dairələrinin qarşılıqlı biznes missiyalarda və beynəlxalq sərgilərdə iştiraka marağı artır ki, bu da iqtisadi əlaqələrin dərinləşməsinə xidmət edir. 2025-ci ilin yekunlarına əsasən, Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi 4,1 milyard dolları təşkil edib. Tərəflər isə mal çeşidinin genişləndirilməsi və ticarət həcminin artırılması üzərində birgə işləyirlər. İki ölkə arasında hesablaşmaların əsas hissəsi milli valyutalarla aparılır ki, bu da iqtisadi inteqrasiyanı daha da gücləndirir”, - deyə Aleksey Overçuk qeyd edib.

AZƏRTAC