Zəngilanda Azərbaycan-Rusiya iqtisadi əməkdaşlıq məsələləri üzrə Dövlət Komissiyasının 24-cü iclası keçirilib

2026.04.16 16:54 (UTC+04:00)

Aprelin 16-da Zəngilan şəhərində Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Höküumətlərarası Dövlət Komissiyasının 24-cü iclası keçirilib.

Hökumətlərarası Komissiyanın Azərbaycan tərəfindən sədri, Baş nazirinin müavini Şahin Mustafayev və Hökumətlərarası Komissiyanın Rusiya tərəfindən sədri, Rusiya hökumətinin sədr müavini Aleksey Overçukun sədrliyi ilə keçirilən iclasda hər iki ölkənin müvafiq dövlət strukturlarının rəhbərləri və səlahiyyətli nümayəndələri iştirak ediblər.

İclasda Komissiyanın Azərbaycan tərəfdən həmsədri Şahin Mustafayev çıxış edərək azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri barədə ətraflı məlumat verib. Ş.Mustafayev bildirib ki, işğal dövründə tamamilə dağıdılmış infrastruktur hazırda müasir standartlara uyğun şəkildə bərpa olunur, yollar, körpülər, tunellər, inşa edilir, yaşayış və sosial obyektlər yaradılır.

Baş nazirin müavini bildirib ki, Azərbaycan Rusiya ilə münasibətdə mehriban qonşuluq, qarşılıqlı anlaşma və bərabərhüquqlu tərəfdaşlıq prinsiplərinə sadiqdir.

Qeyd olunub ki, ikitərəfli əməkdaşlığın ardıcıl və dinamik inkişafı prezidentlər İlham Əliyev və Vladimir Putin tərəfindən həyata keçirilən siyasi iradə və strateji kursla müəyyən olunur. Xüsusilə 2022-ci ildə imzalanmış müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin ikitərəfli münasibətlərə mühüm təkan verdiyi vurğulanıb.

Şahin Mustafayev Azərbaycan və Rusiya prezidentlərinin ötən ilin oktyabrında Düşənbədə keçirilmiş görüşünün ikitərəfli əməkdaşlıqla yeni mərhələnin əsasını qoyduğunu, mart ayında Bakıda baş tutmuş yüksəksəviyyəli təmasların isə praktik nəticələr verdiyini bildirib. O, mürəkkəb regional şəraitə baxmayaraq, əməkdaşlığın davamlı inkişaf etdiyini xüsusi qeyd edib.

O, Azərbaycanın regional sabitliyə və humanitar əməkdaşlığa verdiyi töhfələrə toxunaraq, İran ərazisindən Rusiya vətəndaşlarının təxliyəsində göstərilən operativ dəstək, eləcə də Rusiya humanitar yardımının Azərbaycan ərazisindən tranziti üçün yaradılan şərait vurğulayıb. Bildirilib ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi mövcud mürəkkəb geosiyasi şəraitdə də etibarlı və fasiləsiz fəaliyyət göstərərək öz rəqabətqabiliyyətini sübut edib.

İqtisadi məsələlərə toxunan Ş.Mustafayev qeyd edib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan ərazisindən müxtəlif istiqamətlərdən, o cümlədən Rusiyadan Ermənistana yüklərin daşınması ilə bağlı məhdudiyyətlərin aradan qaldırılması regionda etimadın möhkəmləndirilməsinə və nəqliyyat-logistika əməkdaşlığının genişlənməsinə xidmət edir. Hazırda Azərbaycan ərazisindən tranzitlə Ermənistana təxminən 26 min ton yük daşınıb.

Kənd təsərrüfatı məhsulları üzrə ticarətin xüsusi əhəmiyyət daşıdığı vurğulanıb. Qeyd edilib ki, Rusiya bazarı Azərbaycan qeyri-neft ixracının əsas istiqamətlərindən biri olaraq qalır.

Şahin Mustafayev vurğulayıb ki, Azərbaycan-Rusiya münasibətlərinin əsas istiqamətlərindən biri ticarət-iqtisadi əməkdaşlıqdır. Onun sözlərinə görə, 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 4,9 milyard ABŞ dollarına çatıb. Çıxışda investisiya əməkdaşlığının müsbət dinamikası xüsusi qeyd edilib. Bildirilib ki, Rusiyanın Azərbaycana yatırdığı ümumi investisiyaların həcmi 10,5 milyard ABŞ dollarını, o cümlədən qeyri-neft sektorunda 2,9 milyard dolları ötüb. İnvestisiya əməkdaşlığı müsbət dinamika nümayiş etdirir və Azərbaycanda 1400-dən çox Rusiya şirkəti fəaliyyət göstərir. Eyni zamanda, Azərbaycan investisiyalarının da Rusiya iqtisadiyyatında mövqelərinin möhkəmləndiyi, sanatoriya, sənaye və istehsal layihələrinin uğurla icra olunduğu bildirilib.

Baş nazirin müavini nəqliyyat-logistika sahəsini əməkdaşlığın prioritet istiqamətlərindən biri kimi dəyərləndirib. Xüsusilə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafının strateji əhəmiyyəti vurğulanıb, dəhliz üzrə infrastrukturun modernləşdirilməsi və rəqəmsallaşdırmanın yükdaşımaların həcmini əhəmiyyətli dərəcədə artıracağı qeyd olunub. Bildirilib ki, 2028-ci ildən etibarən Azərbaycan ərazisindən illik daşımaların həcmi azı 5 milyon ton, sonrakı mərhələdə isə 15 milyon ton səviyyəsinə çatdırılacaq.

O, Araz vadisi iqtisadi zonasında “KamAZ” servis mərkəzinin və Qubadlının Mahruzlu kəndində Həştərxan qubernatorluğu tərəfindən uşaq bağçasının tikintisini yüksək qiymətləndirib və Rusiya tərəfinə təşəkkür edib.

Rusiya tərəfdən çıxış edən Rusiya Federasiyası Hökuməti sədrinin müavini Aleksey Overçuk Azərbaycan-Rusiya əməkdaşlığının strateji xarakter daşıdığını deyib. O, nəqliyyat-logistika, sənaye və aqrar sahələrinin əsas prioritetlər olduğunu bildirib, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafının regional və beynəlxalq ticarət əlaqələrinin genişlənməsində mühüm rol oynadığını vurğulayıb. Overçuk Zəngilanda aparılan bərpa işlərini yüksək qiymətləndirərək, bu ərazilərin birgə layihələr üçün yeni imkanlar yaratdığını qeyd edib.

İclas zamanı tərəflər ticarət, investisiya, maliyyə, nəqliyyat, kənd təsərrüfatı, energetika, turizm və humanitar sahələr üzrə əməkdaşlığın mövcud vəziyyətini və perspektivlərini müzakirə edib, qarşılıqlı maraq doğuran məsələlər üzrə koordinasiyanın gücləndirilməsinin vacibliyini vurğulayıblar.

A.Overçuk Rusiya Federasiyası tərəfindən İran İslam Respublikasına göndərilimiş humanitar yardımın Azərbaycan ərazisindən keçərək ünvana çatdırılmasında göstərdiyi yardıma görə təşəkkürünü bildirib.

Sonda Azərbaycan-Rusiya münasibətlərinin qarşılıqlı hörmət, etimad və tərəfdaşlıq prinsipləri əsasında inkişaf etdiriləcəyi, əldə olunmuş razılaşmaların ardıcıl şəkildə icrasının davam etdiriləcəyi vurğulanıb.

İclasın yekunlarına dair Ş.Mustafayev və A.Overçuk Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 24-cü iclasının Protokolunu imzalayıblar.

Zəngilan səfəri çərçivəsində Azərbaycan–Rusiya iqtisadi əməkdaşlıq məsələləri üzrə Dövlət Komissiyasının 24-cü iclasının iştirakçıları Zəngilan şəhərində, Ağalı kəndində olub, Ağbənd avtomobil körpüsü, Horadiz–Ağbənd dəmir yolu layihəsi, habelə sərhəd-keçid məntəqəsinin infrastrukturunun tikintisi ilə tanış olublar. Qeyd edilib ki, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu “Şimal–Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin yeni qolunun əsas komponenti, Horadiz–Ağbənd dəmir yolu Zəngəzur dəhlizinin mühüm həlqəsini formalaşdıracaq.

AZƏRTAC