Tərəvəzçiliklə məşğul olanlar da subsidiya alacaqlar

2019.09.02 15:28 (UTC+04:00)

Gələn il Azərbaycanda kartof və tərəvəz istehsalçıları hər hektar əkin sahəsinə görə dövlətdən 240 manat subsidiya alacaqlar. "Report" bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bununla bağlı qərar Aqrar Subsidiya Şurasının iclasında Prezident İlham Əliyevin bu il iyunun 27-də təsdiqlədiyi “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması qaydası”na əsasən qəbul edilib. Qərara əsasən, fermerlərə subsidiya verilməsi üçün müxtəlif bitki növləri üzrə əkin əmsalları müəyyən edilib. Həmin əmsallar baza məbləğinə (200 manat) vurulacaq və bu yolla əkin subdisiyalarının məbləği müəyyən ediləcək. Beləliklə, kartof və tərəvəz üzrə əmsal 1,2 müəyyən edilib.

Bostan bitkilərinin istehsalçılarına isə hər hektar əkin sahəsinə görə 220 manat subsidiya ödəniləcək. Bu bitkilər üzrə əkin əmsalı 1,1 müəyyən edilib.
Gələn il Azərbaycanda buğda istehsalçıları hər hektar əkin sahəsinə görə dövlətdən 200 manat subsidiya alacaqlar.

Çəltik istehsalçılarına isə hər hektar əkin sahəsinə görə 280 manat subsidiya ödəniləcək. Bu bitki üzrə əkin əmsalı 1,4-dür. Amma bütün çəltik əkənlər subsidiya ala bilməyəcək. Bu imtiyazdan yalnız Ağdaş, Ağsu, Astara, Biləsuvar, Göyçay, Lənkəran, Masallı, Salyan, Samux, Ucar, Yevlax, Şəki və Zərdab rayonlarında çəltik əkənlər faydalanacaq. Yəni məhz bu rayonlarda çəltikçiliyin inkişaf etdirilməsi qarşıya məqsəd kimi qoyulub.

Soya və sorqo istehsalçıları üçün isə hər hektar əkin sahəsinə görə subsiyayanın məbləği, müvafiq olaraq, 260 manat və 100 manat olacaq. Bu bitkilər üzrə əkin əmsalları 1,3 və 0,5-dir. Digər dənli və dənli paxlalılar (arpa, covdar, darı, vələmir, noxud, mərci və s.) üçün isə əkin əmsalı 0,8 müəyyən edilib. Yəni bu bitkiləri becərənlər hər hektar əkin sahəsinə görə 160 manat subdisiya alacaqlar.

Qarabaşaq və yer fındığı istehsalçılarına isə hər hektar əkin sahəsinə görə 180 manat subsidiya veriləcək. Bu bitkilər üzrə əkin əmsallar 1,8-dir. Zəfəran istehsalçılarını isə hər hektar əkin sahəsinə görə 400 manat subsidiya gözləyir. Bu bitki üzrə əkin əmsalı 2-dir.