Arif Ələkbər: “Məqsədim sadəcə şəkil göstərmək yox, hekayə danışmaqdır” MÜSAHİBƏ

2026.04.15 16:44 (UTC+04:00)

– Arif müəllim, iş yoldaşlarımız Sizi həm də fotoqraf-səyahətçi kimi tanıyır. Bu yol necə başladı?

– Fotoqrafiyaya marağım çox erkən yaşlarıma təsadüf edir. Uşaqlıqda televiziya ekranında gördüyüm kadrları fotoaparatla “tutmaq” istəyi məni fotoqrafiya dünyasına bağladı. O vaxtlar texniki imkanlar çox məhdud idi, amma bu məhdudiyyətlər marağımı azaltmadı, əksinə, daha da gücləndirdi. Fotoqrafiya mənim üçün tədricən sadəcə maraq deyil, düşüncə tərzinə çevrildi. Fotoqrafiya ilə məşğul olmaq yalnız kamera götürüb çəkmək deyil. Bu, müşahidə etmək, gözləmək, səbr etmək və anı hiss etmək bacarığıdır. Mənim üçün fotoqrafiya dünyanı daha dərindən anlamağın bir yoludur.

– Səyahətləriniz arasında Afrika xüsusi yer tutur. Bu qitə Sizi niyə bu qədər cəlb edir?

– Təkcə Afrika təəssüratları ilə yadda qalmır. Məsələn, İndoneziyanın Mentavai arxipelaqında cəngəlliklərin qoynunda Sakuddey qəbiləsi ilə keçirdiyim üç gün, Braziliyanın Pantanal bölgəsində yaquarlarla qarşılaşmalarım, Hindistanda bəbir və pələngləri vəhşi təbiətdə izlədiyim anlar və s. — bütün bunlar səyahət və fotoqrafiya dünyamda silinməz izlər buraxıb. Amma Afrika mənim üçün sadəcə coğrafiya deyil, bir hissdir. İlk dəfə Afrikaya gedəndə uşaqlıqdan tanıdığım vəhşi təbiəti real həyatda gördüm. Serengeti, Massai-Mara, Etoşa – bunlar yalnız ad deyil, canlı həyatdır. İnsanlar çox kasıb ola bilər, amma üzlərində qəribə bir rahatlıq və xoşbəxtlik var. Bu paradoks məni çox düşündürdü və çəkdiyim fotolara da təsir etdi.

– Vəhşi təbiətdə çəkilişlər qorxulu olmur ki?

– Kənardan baxanda təhlükəli görünə bilər, amma əslində hər şey qaydalar çərçivəsindədir. Safari zamanı heyvanlar avtomobili bir obyekt kimi qəbul edirlər, təhlükə hiss etmirlər. Fil, şir və ya bəbiri bir neçə metr məsafədən görmək insanda həm qorxu, həm də heyranlıq yaradır. Bu anları linza ilə tutmaq isə böyük məsuliyyətdir.

– Fotoqraf kimi Sizi ən çox hansı janr cəlb edir?

– Təbiət, vəhşi həyat və qəbilələr. Mən insanı təbiətin bir parçası kimi görürəm. Uzaq qəbilələr, şəhərdən kənar həyat, sadə insanların gündəlik ritmi – bunlar məni çox maraqlandırır. Süni səhnələrdən çox, real anları sevirəm.

– Nailiyyətləriniz arasında Sizin üçün xüsusi yeri olan məqam hansıdır?

– Çəkdiyim fotolardan birinin “National Geographic”in onlayn platformasında “Editor’s Choice” seçilməsi mənim üçün çox önəmli idi. Bu, təkcə uğur deyil, doğru yolda olduğumun təsdiqi idi. Bundan əlavə, müxtəlif beynəlxalq platformalarda işlərimin nümayiş olunması, keçirilən foto-sərgilərim, sosial şəbəkələrdə paylaşımlarıma göstərilən maraq mənə əlavə motivasiya verir.

– Azərbaycan Fotoqrafları Birliyinin (AFB) İdarə Heyətində üzvlüyünüz Sizin üçün nə ifadə edir?

– AFB üzvlüyü mənim üçün böyük dəyərdir. Bu, təkcə status deyil, həm də peşəkar bir ailənin parçası olmaqdır. Birliyin fəaliyyəti, sərgilər, layihələr fotoqrafların inkişafı üçün çox önəmlidir. Bu mühitdə olmaq mənə həm məsuliyyət, həm də stimul verir. Bu arada qeyd edim ki, Birliyin təşəbbüsü ilə fevral ayında Mingəçevirdəki Heydər Əliyev Mərkəzində növbəti fotosərgim təşkil olunmuşdu.

– Gələcək planlarınız nələrdir?

–Səyahətlər də axarı ilə davam edəcək. Mavritaniya, Avstraliyanın fauna ilə zəngin şimal bölgəsi planlarım arasındadır. Eyni zamanda, topladığım materialları sərgi və foto-layihələr şəklində təqdim etmək istəyirəm. Məqsədim sadəcə şəkil göstərmək yox, hekayə danışmaqdır.

– Sonda gənc fotoqraflara nə tövsiyə edərdiniz?

– Texnikaya çox aludə olmasınlar. Əsas olan baxış bucağıdır. Çox müşahidə etsinlər, səbrli olsunlar və öz yollarını tapsınlar. Ən önəmlisi isə – fotoqrafiyanı sevsinlər.