Beynəlxalq Xalça Forumuna hazırlıq davam edir

2026.04.15 16:15 (UTC+04:00)

“Azərxalça” ASC və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı, İqtisadiyyat Nazirliyi ilə İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) dəstəyi ilə 1-3 may tarixlərində keçiriləcək Beynəlxalq Xalça Festivalına hazırlıq işləri davam edir.

Festival mayın 1-də Bakı Biznes Mərkəzində keçiriləcək “Xalça sənayesi: dəyərin yaradılması, brendinq və dünya bazarına inteqrasiya. Mədəni irsdən rəqabətədavamlı qlobal məhsula doğru” mövzusuna həsr olunmuş Beynəlxalq Xalça Forumu ilə fəaliyyətə başlayacaq. Forum xalça sənayesinin aparıcı beynəlxalq ekspertlərini, dizaynerlərini, istehsalçı və tədqiqatçılarını, habelə ixracatçı və yaradıcı sənaye nümayəndələrini bir araya gətirəcək.

Qeyd edək ki, 14 aprel 2026-cı il tarixindən etibarən festivalın rəsmi saytında Forumda dinləyici qismində iştirak etmək istəyənlər üçün qeydiyyat prosesinə start verilib.

İkinci dəfə təşkil olunacaq Beynəlxalq Xalça Forumu əllə toxunan xalçaların ənənəvi irsdən qlobal rəqabətədavamlı məhsula çevrilməsi yolunda mühüm platformadır. Tədbir nəzəriyyədən daha çox, real biznes təcrübələrinə və uğurlu beynəlxalq nümunələrə fokuslanır.