İqtisadiyyat naziri Mikayıl Cabbarov Latviyanın kənd təsərrüfatı naziri, Azərbaycan və Latviya arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri Armands Krauze ilə görüşüb.
Görüşdə Azərbaycanın Latviya ilə əlaqələrin gücləndirilməsinə önəm verdiyi vurğulanıb. Qeyd olunub ki, 2017-ci ildə ölkələrimiz arasında imzalanmış Strateji Tərəfdaşlığın Qurulmasına dair Birgə Bəyannamə ikitərəfli münasibətlərimizin dərinləşdirilməsi üçün möhkəm baza rolunu oynayır. Bildirilib ki, Latviya ilə iqtisadi-ticarət tərəfdaşlığı inkişaf edir. Ötən il və bu ilin ilk iki ayı ərzində qarşılıqlı ticarət dövriyyəsinin həcminin artması da buna dəlalət edir. Bununla belə, bu sahədə daha yüksək nəticələrə nail olmaq üçün imkanlar diqqətə çatdırılıb.
Görüşdə Azərbaycanda investorlar üçün yaradılmış əlverişli fürsətlər haqqında məlumat verilib, müxtəlif istiqamətlər, o cümlədən, birgə müəssisələrin yaradılması, tranzit daşımalar, turizm və s. üzrə işbirliyinin möhkəmləndirilməsi üçün geniş perspektivlər qeyd edilib.
Tərəflər ticarət, enerji, investisiya, nəqliyyat və kənd təsərrüfatı sahələrində birgə fəaliyyətin genişləndirilməsi imkanlarını dəyərləndiriblər.
-----
12:00
“Latviya Respublikasının kənd təsərrüfatı naziri, Azərbaycan-Latviya Hökumətlərarası Komissiyasının həmsədri cənab Armands Krauze ilə görüşdə ölkələrimiz arasında iqtisadi əlaqələrin perspektivlərini qeyd etdik.
Ticarət, enerji, investisiya qoyuluşu, nəqliyyat və kənd təsərrüfatı sahələrində qarşılıqlı fəaliyyətin genişləndirilməsi imkanlarını dəyərləndirdik”.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında paylaşım edib.