Bu ilin may ayında Bakı daha bir önəmli tədbirə ev sahibliyi etməyə hazırlaşır. Dünyanın dördbir yanından gələn şəhərsalma mütəxəssisləri BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində “gələcəyin şəhərləri necə olmalıdır?” sualına cavab tapmaq üçün paytaxtımızda bir araya gələcəklər.
Təhlilçilər bu platformanın Azərbaycan üçün həm iqtisadi, həm də memarlıq baxımından mühüm əhəmiyyət kəsb etdiyi qənaətindədirlər. İqtisadi müstəvidə WUF13 ölkəmizə birbaşa xarici investisiyaların cəlb edilməsi üçün unikal imkanlar yaradır. Minlərlə xarici ölkə nümayəndələri, investorlar və texnologiya nəhənglərinin Bakıya gəlişi işgüzar turizmin inkişafına təkan verməklə yanaşı, yerli infrastruktur layihələrinə beynəlxalq maliyyə institutlarının marağını artıra bilər. Memarlıq baxımından isə Bakı bu forum üçün təbii bir sərgi məkanı rolunu oynayır. Digər tərəfdən, azad edilmiş ərazilərdə qurulan müasir şəhərlər və “Ağıllı kənd” layihələrini qlobal miqyasda nümayiş etdirməyə imkan yaranır.
İnnovativ urbanizasiya: WUF13-ün Azərbaycan üçün strateji əhəmiyyəti
BMT-nin bu mötəbər tədbirinin paytaxtımızda keçirilməsi ölkə üçün həm strateji, həm də imic baxımından çoxşaxəli əhəmiyyət daşıyır. Memar, inşaat məsələləri üzrə ekspert Muxtar Ərturan bildirib ki, ölkəmizi qlobal şəhərsalma gündəliyinin aktiv iştirakçısına çevirəcək forum çərçivəsində urbanizasiya, dayanıqlı inkişaf, iqlim dəyişikliklərinə adaptasiya və inklüziv şəhər modelləri kimi əsas mövzular müzakirə olunacaq ki, bu da yerli mütəxəssislərin beynəlxalq təcrübəyə birbaşa çıxışını təmin edəcək və bilik transferi sürətlənəcək. Qeyd edib ki, belə platformalar şəhərsalma, tikinti texnologiyaları, “smart city” həlləri və infrastruktur layihələri üzrə xarici investorların diqqətini cəlb edir və bu da böyükmiqyaslı urbanizasiya layihələrinin maliyyələşməsi və tərəfdaşlıq mexanizmləri baxımından əhəmiyyətlidir.
İqtisadçı Eldəniz Əmirov isə vurğulayıb ki, bu tədbir xarici investorlar üçün şəhərsalma, infrastruktur və daşınmaz əmlak bazarı kimi konkret sahələrdəki mövcud layihələrə birbaşa çıxış imkanı yaradır, eyni zamanda yerli və xarici investorlar üçün mövcud potensialın birgə dəyərləndirilməsi və investisiya mühitinin yenidən müzakirə olunması baxımından mühüm bir fürsətdir.
Tədbirin ən əhəmiyyətli tərəflərindən biri də odur ki, bu forum Azərbaycanı qlobal şəhərsalma xəritəsində bir neçə pillə yuxarı qaldıraraq, ölkəmizi beynəlxalq bazarlara cəlbedici investisiya məkanı kimi təqdim edir. Bununla yanaşı, hazırda Qarabağ və Şərqi Zəngəzurda sıfırdan qurulan müasir şəhər modelinin məhz bu platforma vasitəsilə yeni investisiya bazarlarına nümayiş etdirilməsi xüsusi aktuallıq kəsb edir. Forumun Bakıda keçirilməsi isə təkcə paytaxtın deyil, bütövlükdə regionun investisiya imkanlarının genişlənməsinə və xarici kapitalın bu istiqamətlərə yönəldilməsinə şərait yaradır.
“Ağıllı şəhər”lərin nümayişi üçün geniş platforma
Sözsüz ki, azad edilmiş torpaqlarda şəhərləri sıfırdan, ən müasir formada qurmaq üçün əlverişli fürsətlər var. “Ağıllı şəhər” qurmaq təkcə texnologiya demək deyil, hər şeyin bir-biri ilə vəhdətdə, dəqiqliklə planlaşdırılmasıdır. Burada enerji effektivliyi, bərpaolunan enerji mənbələri, rəqəmsal idarəetmə, “ağıllı” nəqliyyat və resursların optimallaşdırılması kimi elementlər vahid bir ekosistem şəklində formalaşdırılır. Memar M.Ərturan da o fikirdədir ki, WUF13 bu mütərəqqi təcrübəni qlobal auditoriyaya çatdırmaq üçün unikal platformadır. Azərbaycanın tətbiq etdiyi innovativ şəhərsalma yanaşması onu beynəlxalq səviyyədə öyrənilməli olan uğurlu bir təcrübə kimi təqdim edir. Ekspert qeyd edib ki, bu proses beynəlxalq müstəvidə yeni standartların yaranmasına da birbaşa təsir göstərə bilər. Beləliklə, Azərbaycan yalnız mövcud texnologiyaları tətbiq edən deyil, həm də qlobal urbanizasiya trendlərinə yeni nəfəs gətirən bir ölkə kimi çıxış edir. Bu yanaşma, xüsusilə, “Ağıllı kənd” və “Yaşıl enerji zonası” konseptlərinin praktiki tətbiqi baxımından xüsusi əhəmiyyət kəsb edir.
Dayanıqlı şəhərsalma və beynəlxalq imicin gücləndirilməsi
İqtisadçı E.Əmirov hesab edir ki, bu tip tədbirlər birbaşa mal ixracından savayı, ölkənin beynəlxalq nüfuzunun artmasına və xidmət ixracının genişlənməsinə töhfə verir. Forumun ixrac istiqamətində ən böyük töhfəsi məhz turizm sektorunda özünü büruzə verir. Belə ki, ölkəyə əcnəbi qonaqların və mütəxəssislərin cəlb olunması, mahiyyət etibarilə, turizm xidmətlərinin ixracı deməkdir. Digər tərəfdən, forumda təqdim olunan şəhərsalma prosesinin özü hazır bir model olaraq nəzərdən keçirilə bilər ki, bu da gələcəkdə intellektual məhsul kimi ixrac potensialına malikdir. İqtisadçı vurğulayıb ki, şəhərsalma, tikinti və inşaat sektorlarında kiçik və orta biznesin (KOB) üstünlük təşkil etməsi yerli şirkətlərin şəbəkələşməsinə və onların investisiya imkanlarının ölkə hüdudlarından kənara çıxmasına şərait yaradır.
Bakı üçün tarixi şans
Memar M.Ərturan WUF13-ü Bakının urbanistik inkişafında yeni bir paradiqma dəyişikliyinin başlanğıcı olaraq görür. Vurğulayır ki, forum çərçivəsində təqdim ediləcək dünya təcrübələri, xüsusilə piyadayönümlü şəhər modeli, “15 dəqiqəlik şəhər” konsepsiyası və “yaşıl infrastruktur” layihələri paytaxtımızın gələcək inkişaf strategiyasının əsas sütunlarını təşkil edə bilər. Bu strateji keçid küçə və yol şəbəkəsinin "complete streets" (tam küçə konsepti) yanaşması ilə yenidən təşkilini, piyada və velosiped infrastrukturunun genişləndirilməsini, həmçinin ictimai nəqliyyatın prioritetləşdirilməsini nəzərdə tutur. Eyni zamanda, şəhər daxilində yaşıl zonaların artırılması və yaşayışla iş mühitinin vəhdət təşkil etdiyi funksional qarışıqlığın təşviqi sakinlərin həyat keyfiyyətini yüksəldən əsas amillər kimi çıxış edəcək.
Ekspert diqqətə çatdırıb ki, WUF13-ü digər platformalardan fərqləndirən ən önəmli məqam onun yalnız nəzəri müzakirələrlə məhdudlaşmamasıdır. Bu tədbir qərarverənlər və mühəndislər üçün layihələrin icrasına, bir növ, dəstəkdir.
Yekun olaraq, WUF13-ün həm işğaldan azad edilmiş ərazilərdə innovativ şəhərlərin qurulması, həm də Bakının daha yaşıl və insan mərkəzli bir məkana çevrilməsi baxımından ölkəmizə misilsiz strateji imkanlar açacağını qeyd etmək lazımdır. Bu, həmçinin, paytaxtımızı həm avtomobillərin, həm də insanların rahatlıqla hərəkət edə biləcəyi müasir bir meqapolisə çevirmək hədəfinə xidmət edir.
Faiq KƏRİMOĞLU