4SİM və Parisdəki Avropa Süni İntellekt Mükəmməlliyi Mərkəzi arasında əməkdaşlıq imkanları müzakirə edilib

2026.04.10 11:39 (UTC+04:00)

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov Fransada fəaliyyətə başlayan Dünya İqtisadi Forumunun 4Sİ Mərkəzləri şəbəkəsinin üzvü olan Avropa Süni İntellekt Mükəmməlliyi Mərkəzinin (“European Centre for AI Excellence” - ECAIE) Əməliyyatlar üzrə baş direktoru Emili Esparon ilə onlayn formatda görüşüb.

Görüşdə 4SİM-in fəaliyyəti, reallaşdırılan layihələr, rəqəmsal iqtisadiyyatın inkişafına dair Strategiya, Azərbaycanda süni intellekt və rəqəmsal transformasiya sahəsində həyata keçirilən tədbirlər barədə məlumat verilib.

Avropa Süni İntellekt Mükəmməlliyi Mərkəzinin Əməliyyatlar üzrə baş direktoru məsuliyyətli və etik süni intellektin inkişafı, innovasiya ekosisteminin gücləndirilməsi və beynəlxalq tərəfdaşlıqların genişləndirilməsi istiqamətində görülən işləri diqqətə çatdırıb. Qeyd olunub ki, ECAIE mərkəzi Dünya İqtisadi Forumu və “VivaTech” platformasının tərəfdaşlığı ilə yaradılıb və Avropada süni intellekt sahəsində əməkdaşlığın gücləndirilməsini hədəfləyir.

Tərəflər arasında əməkdaşlıq təşəbbüsləri, ortaq layihələr və bilik paylaşımı mexanizmləri müzakirə olunub.