Qazaxıstan Azərbaycan və Özbəkistanla “yaşıl enerji” sahəsində sazişi təsdiqləyib

2026.04.09 11:42 (UTC+04:00)

Qazaxıstan Senatı “Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası arasında “yaşıl enerji”nin istehsalı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Sazişin ratifikasiya edilməsi barədə” Qazaxıstan Respublikasının Qanununu təsdiqləyib. Bu barədə Qazaxıstan mətbuatı məlumat yayıb.

Sənədin məqsədi — təmiz energetika və enerji səmərəliliyi sahəsində əməkdaşlığı gücləndirmək üçün tərəflərin hüquq bərabərliyi əsasında strateji tərəfdaşlıq qurmaq, ekoloji təmiz hidrogen və ammonyakın istehsalı və ticarəti üzrə birgə layihələr icra etmək, habelə bərpaolunan elektrik enerjisinin etibarlı transsərhəd ötürülməsini təmin etmək üçün vahid texniki və inzibati şərait formalaşdırmaqdır.

Sazişin əsas müddəalarına aşağıdakılar daxildir:

- tərəflərin “yaşıl elektrik enerjisi”nin etibarlı və kəsintisiz ötürülməsi üçün texniki və kommersiya şərtlərini müəyyən etməsi, yeni enerji səmərəliliyi texnologiyalarının tətbiqi və enerjinin Avropaya və digər regionlara ixracı üçün infrastrukturun inkişaf etdirilməsi;

- daxili şəbəkələrin genişləndirilməsinə dəstək verilməsi və Qara dəniz sualtı elektrik kabelinə (Black Sea Energy) qoşulma imkanlarının araşdırılması;

- paritet əsasda Rəhbər Komitənin (iclasları ildə azı iki dəfə keçirilməklə) və illik əməkdaşlıq planlarının hazırlanması üçün İşçi Qrupun yaradılması;

- əməkdaşlıq çərçivəsində əldə olunan məlumatların məxfiliyinin təmin edilməsi, mübahisəli məsələlərin məsləhətləşmələr və danışıqlar yolu ilə həlli qaydasının müəyyən edilməsi və digər bəndlər.