Çatdırılma şirkətlərinin satdığı qida məhsullarına görə ƏDV güzəşti verilirmi?

2026.04.08 09:50 (UTC+04:00)

İctimai iaşə müəssisələrinə tətbiq edilən əlavə dəyər vergisi (ƏDV) üzrə 50 faizlik güzəşt çatdırılma xidmətləri vasitəsilə satılan mallara şamil edilməyəcək.

vergiler.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin Vergi qanunvericiliyinin tətbiqi şöbəsinin baş dövlət vergi müfəttişi Anar Cabbarov Bakıda keçirilən "Vergi və Mühasibatlıq Zirvəsi 2026" tədbirində bildirib.

A.Cabbarovun sözlərinə görə, içtimai iaşə müəssisələrinə ƏDV üzrə 50 faizlik güzəştin tətbiqi nəzarət-kassa aparatına vahid əməliyyat sistemində inteqrasiya edilmiş POS-terminallar vasitəsilə nağdsız ödənişlərin qəbulu ilə şərtləndirilib. Ona görə də “Bolt”, “Wolt”, “Yango” və digər bu kimi təchizatçı şirkətlər vasitəsilə köçürülən nağdsız ödənişlərə münasibətdə ƏDV güzəşti tətbiq olunmayacaq.
“Əlavə olaraq deyək ki, təchizatçı şirkətlər tərəfindən göstərilən çatdırılma xidmətlərinə görə elektron qaimə-faktura təqdim edilməlidir. Həmin e-qaimə üzrə çəkilən xərclər gəlirdən çıxılan xərclərə aid edilir. Onu da qeyd edim ki, məhsul təqdim edən şəxslər onu “Bolt”, “Wolt” vasitəsilə təqdim edərkən burada məhsulun tam dəyərinə uyğun nəzarət-kassa aparatı çeklərini təqdim etməlidirlər. Bu zaman təchizatçı şirkətlər alıcıdan vəsaiti alıb satıcının bank hesabına köçürür. Burada ikiqat vergilənmə yaranmasın deyə malların komissiyon qaydada satışı ilə bağlı dövri olaraq vergi orqanlarına məlumatlar təqdim olunmalıdır” - deyə A.Cabbarov vurğulayb.

O əlavə edib ki, təchizatçı şirkətlər tərəfindən verilən ödəmə tapşırığında da bu ödənişlərin komissiyon qaydada aparılan ödənişlərlə bağlı köçürülən məbləğlər olması qeyd edilməlidir.

Fərqanə ALLAHVERDİQIZI