Vergi sahəsində yol verilən səhvlər təkcə əlavə maliyyə yükü ilə deyil, həm də vaxt itkisi və inzibati mübahisələrlə nəticələnə bilər.
vergiler.az xəbər verir ki, bu fikri İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnzibati şikayətlərə baxılması baş idarəsinin rəis əvəzi Emil Rəhimov Bakıda keçirilən “Vergi və Mühasibatlıq Zirvəsi 2026” tədbirində səsləndirib.
E.Rəhimov bildirib ki, inzibati şikayətlərin yaranmasının əsas səbəblərindən biri vergi öhdəliklərinin düzgün və vaxtında icra edilməməsidir. Xüsusilə bəyannamələrin natamam və ya düzgün təqdim olunmaması, eləcə də riskli əməliyyatlara lazımi diqqətin ayrılmaması sonradan əlavə vergi hesablamalarına və mübahisələrin yaranmasına səbəb olur.
Onun sözlərinə görə, bəzi hallarda vergi ödəyiciləri ilkin mərhələdə bəyannamələrini düzgün təqdim etmədikdə, vergi orqanı mövcud məlumat bazaları əsasında kameral qaydada vergi hesablamaları aparır. Daha sonra isə vergi ödəyiciləri tərəfindən dəqiqləşdirilmiş bəyannamələr təqdim olunur və həmin bəyannamələrə münasibət bildirilməsi gözlənilmədən inzibati qaydada müraciətlər edilir.
E.Rəhimov qeyd edib ki, belə hallarda vergi ödəyiciləri nəzərə almalıdırlar ki, təqdim edilmiş sonuncu bəyannaməyə vergi orqanı tərəfindən kameral vergi yoxlaması çərçivəsində münasibət bildirilib yekun inzibati akt qəbul edilməyənədək əvvəlki qərar qüvvədə qalır və mövcud hüquqi vəziyyət həmin qərar əsasında qiymətləndirilir.
Bununla yanaşı, E.Rəhimov vurğulayıb ki, vergi ödəyiciləri inzibati qaydada müraciət etməzdən əvvəl qəbul edilmiş qərarların əsaslandırılması ilə tanış olmalı, həmçinin Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsində yerləşdirilən inzibati şikayətlər üzrə formalaşmış yanaşmaları nəzərdən keçirməlidirlər. Bu, onların daha əsaslandırılmış mövqe ilə çıxış etməsinə və düzgün qərar verməsinə imkan yaradar.