Lizinqə dair məlumat formalarının qoşmaları təqdim olunacaq

2019.01.08 11:04 (UTC+04:00)

Qanunvericiliyə əsasən, maliyyə lizinqi müqaviləsi üzrə lizinq alan qismində yalnız hüquqi şəxslər və fərdi sahibkarlar çıxış edirlər. Bundan əlavə, maliyyə lizinqinin obyekti qismində əsas vəsaitlərə aid edilən daşınar və daşınmaz əmlaklar iştirak edir.

Qanunvericiliyə edilmiş dəyişikliklərdən irəli gələrək, sahibkarların lizinqlə bağlı təqdim etdikləri məlumat formalarının qoşmalarına da müvafiq məlumatların daxil edilməsi zərurəti yaranıb. Vergilər Nazirliyi vergi ödəyicilərinə lizinqlə bağlı zəruri məlumatları həmin qoşmalarda nəzərə alınmaq barədə müraciət edib. 2019-cu il yanvarın 1-dək bağlanmış və predmeti əsas vəsait olmayan maliyyə lizinqi müqavilələri barədə məlumatlar məlumat formasına əlavə edilmiş qoşmada tam və düzgün doldurularaq yanvarın 15-dək vergi orqanına təqdim olunmalıdır. Qoşmadakı məlumatların elektron kargüzarlıq vasitəsilə elektron sənəd formasında təqdim edilməsi məqsədəuyğun sayılır. Vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı ilə bağlı əlavə məlumat almaq üçün Vergilər Nazirliyinin rəsmi internet saytına (www.taxes.gov.az), Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etmək tövsiyə olunur.