İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 13.2.8-ci maddəsinin müddəalarına əsasən, hər hansı maddi və ya qeyri-maddi əmlak (aktiv) mal anlayışı ilə əhatə olunur. Vergi Məcəlləsinin 71-2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 130.1-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla, vergi orqanında uçotda olmayan şəxslərdən mallar alındıqda alınmış mallara görə alış aktları və malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilir. Eyni zamanda, Mülki Məcəllənin 139.2-ci maddəsinə əsasən, daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. “Yol hərəkəti haqqında” Qanunun 27-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində bütün mexaniki nəqliyyat vasitələri və onların qoşquları bu Qanunla və ona uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamə ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilərək uçota alınırlar.
Qeyd olunanlara əsasən, sorğuda göstərilən halda, fiziki şəxslərdən alışı həyata keçirilən nəqliyyat vasitələri üzrə mülkiyyət hüququ daşınar əmlakın dövlət reyestrində qeydiyyata alındığından, həmin nəqliyyat vasitəsinə görə Vergi Məcəlləsinin 71-2-ci maddəsində göstərilən elektron alış aktının tərtib edilməsi vergi qanunvericiliyində nəzərdə tutulmayıb.
Əsas: Vergi Məcəlləsinin 13-cü, 71-2-ci maddələri, Mülki Məcəllə və “Yol hərəkəti haqqında” Qanun