Əlillərin işlədiyi və təhsil aldığı müəssisələrə hansı vergi güzəşti tətbiq olunur? MƏQALƏ

2026.04.07 09:45 (UTC+04:00)

Vergi Məcəlləsinin 106.2-ci maddəsinə əsasən, əlilliyi olan şəxslərin işlədiyi müəssisələrə verilən 50 faiz güzəştin alınması hüququ müəyyən edilərkən işçilərin orta siyahı sayında əvəzçilik, podrat müqavilələri və mülki-hüquqi xarakterli digər müqavilələr üzrə işləyən əlilliyi olan şəxslər nəzərə alınmır. Çünki qeyd olunan müqavilələrlə işləyən işçilər müəssisənin ştatda olan işçiləri hesab edilmir.

Misal 1: Əlilliyi olan şəxslərin qeyri-hökumət təşkilatına məxsus MMC-də sap istehsalı ilə məşğul olan müəs¬sisənin ştatda olan 30 işçisindən 19 nəfəri əlildir. MMC-nin 2025-ci ildə əldə etdiyi mənfəətinin məbləği 12.000 manat olub. Bu halda həmin müəssisənin ödəməli olduğu mənfəət vergisinin məbləği aşağıdakı kimi müəyyən edilir:

Qeyd etdiyimiz kimi, əlilliyi olan şəxslərin qeyri-hökumət təşkilatlarına məxsus olan işçilərinin ümumi sayının azı 50 faizi əlilliyi olan şəxslərdən ibarət olan istehsal müəssisələrinin mənfəət vergisinin dərəcəsi 50 faiz azaldılır. Bunun üçün də həmin müəssisənin 2025-ci il üçün mənfəət vergisi bəyannaməsi təqdim edərkən hesablamalı olduğu mənfəət vergisinin məbləği 1200 manat olacaq:

12.000 x 20% = 2.400 manat;
2.400 x 50% = 1.200 manat.

Misal 2: İşçilərinin ümumi sayı 42 nəfərdən ibarət olan və əlilliyi olan şəxslərin qeyri-hökumət təşkilatına məxsus istehsal müəssisəsində 30 nəfər müharibə əlili daimi işlə təmin edilib. Bu istehsal müəssisəsinin 2025-ci il üçün illik ümumi gəliri 19.000 manat, həmin gəlirin əldə edilməsi ilə bağlı xərcləri isə 11.000 manat təşkil edib. Bu halda müəssisənin ödəməli olduğu mənfəət vergisinin məbləği aşağıdakı kimi müəyyən edilir:

19.000 – 11.000 = 8.000 manat;
8.000 x 20% = 1.600 manat;
1.600 x 50% = 800 manat.

Misal 3: İşçilərinin ümumi sayı 18 nəfərdən ibarət olan və əlilliyi olan şəxslərin qeyri-hökumət təşkilatına məxsus topdansatış ticarət müəssisəsində 10 nəfər müharibə əlili daimi iş ilə təmin edilib. Bu müəssisənin 2025-ci il üçün illik ümumi gəliri 19.000 manat, həmin gəlirin əldə edilməsi ilə bağlı xərcləri isə 11.000 manat olub. 2025-ci il üçün vergi bəyannaməsi təqdim edərkən müəssisə dövlət büdcəsinə hansı miqdarda mənfəət vergisi ödəməlidir?

Müəssisə topdansatış fəaliyyətindən gəlir əldə etdiyindən, bu maddə ilə müəyyən edilmiş 50% güzəşt vergi ödəyicisinə şamil edilməyəcəyi üçün müəssənin ödəməli olduğu mənfəət vergisinin məbləği 1.600 manat (19.000 – 11.000 = 8.000 ) 20% = 1.600) olacaq.

Vergi Məcəlləsinin 106.1.7-ci maddəsinə əsasən, təhsil müəssisələrinin, o cümlədən məktəbəqədər təhsil müəssisələrinin və sağlamlıq imkanları məhdud şəxslərin təhsil alması üçün yaradılmış xüsusi təhsil müəssisələrinin mənfəəti - mənfəətin dividendlərin ödənilməsinə yönəldilən hissəsi istisna olmaqla, vergidən azaddır. Amma mənfəətin dividendlərin ödənilməsinə yönəldilən hissəsi mənfəət vergisinə cəlb edilir.

Misal 4: Əlil şəxslər üçün yaradılmış xüsusi təhsil müəssisəsinin 2024-cü il ərzində 5.000 manat mənfəəti olub. Həmin mənfəətin 1.000 manatı dividendin ödənilməsinə yönəldilib. Bu halda 5.000 manat mənfəətin 4.000 manatı vergidən azaddır. Dividendə yönəldilən 1.000 manatdan isə 200 manat (1.000 x 20% = 200) mənfəət vergisi hesablanır.

Bunun üçün güzəşt hüququ verən sənəd kimi təhsil müəssisəsinin Elm və Təhsil Nazirliyində akreditasiyadan keçməsi barədə təsdiqedici sənədləri təqdim etməsi vacibdir.