Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş turnirin ilk yarımfinal mərhələsi keçirilib

2026.04.03 17:45 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində (DVX) ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual oyunları üzrə turnirin ilk yarımfinal mərhələsi keçirilib.

DVX rəisinin müşaviri, Vergi ödəyicilərinə xidmət baş idarəsinin rəisi Elçin Məmmədov açılış mərasimində çıxış edərək vergi orqanlarının əməkdaşları arasında təşkil olunan intellektual oyununun önəmini qeyd edib. Hər il keçirilən bu tədbirin əməkdaşlar arasında kommunikasiyanın gücləndirilməsinə, sağlam rəqabət mühitinin formalaşmasına və komanda işinin effektivliyinin artırılmasına mühüm töhfələr verdiyi vurğulanıb. Bildirib ki, turnir işçilərin asudə vaxtlarının səmərəli təşkili, kollektiv tədbirlər vasitəsilə DVX-nin müxtəlif strukturlarının əməkdaşları arasında əlaqələrin möhkəmləndirilməsinə xidmət etməklə yanaşı, onların bilik, dünyagörüşü və məntiqi düşünmə bacarıqlarının artırılması baxımından da böyük əhəmiyyətə malikdir.

Ümumilikdə 48 komandanın iştirak etdiyi turnirin ilk yarımfinal mərhələsinə əvvəlcədən keçirilmiş püşkatma nəticəsində 24 komanda qatılıb. 6 raunddan ibarət oyunda iştirakçılar müxtəlif mövzularda suallara cavab tapmağa çalışıblar. Hər raundun sonunda cavablar təşkilatçı tərəfindən təqdim edilmiş xüsusi məlumat formasında təhvil verilib. Düzgün cavablar turnirin 5 nəfərdən ibarət münsiflər heyəti tərəfindən müəyyənləşdirilib. İlk yarımfinalda uğurlu nəticə göstərmiş 12 komanda növbəti mərhələdə iştirak hüququ qazanıb.

“Nə? Harada? Nə zaman?” intellektual turnirinin ikinci yarımfinal mərhələsi aprel ayında, final isə may ayında keçiriləcək.