- Elməddin müəllim, Keyfiyyət informasiya sistemi sahibkarlara hansı yeni imkanları və elektron xidmətləri təqdim edir?
- Əvvəlcə onu vurğulayım ki, Keyfiyyət informasiya sistemi ölkəmizdə keyfiyyət infrastrukturu sahəsində göstərilən xidmətlərin rəqəmsallaşdırılması, şəffaflığın artırılması və vətəndaşların maarifləndirilməsi məqsədilə yaradılıb. Bu sistem vasitəsilə keyfiyyət infrastrukturu haqqında bütün məlumatları, elektron xidmətləri və informasiya resurslarını “vahid pəncərə” prinsipi ilə təqdim edirik. Əslində bu addım “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulan xidmətlərin rəqəmsallaşdırılması və vahid portalın qurulması tapşırığına, həmçinin “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023–2025-ci illər üçün Dövlət Proqramı”na əsaslanır. Sistemin sahibi Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyidir. Operatorluq funksiyasını isə Agentliyin tabeliyindəki Azərbaycan Akkreditasiya Mərkəzi həyata keçirir.
Biz burada texniki tənzimləmə, standartlaşdırma, metrologiya və akkreditasiya sahələrindəki xidmətlərin tam elektron qaydada icrasını təmin edirik. Bu, keyfiyyət infrastrukturu üzrə akkreditasiya olunmuş bütün qurumların, yəni sertifikatlaşdırma təşkilatlarının, inspeksiya orqanlarının və laboratoriyaların verdiyi bütün rəsmi sənədlərin rəqəmsallaşdırılması deməkdir.
2025-ci ildə qanunvericilikdə edilən dəyişikliklər artıq bir çox mühüm sənədin məhz bu sistem vasitəsilə yaradılmasını və qeydiyyatını məcburi edir. Bura texniki reqlamentlərə və normativ sənədlərə uyğunluq sertifikatları, təsərrüfat subyektlərinin tərtib etdiyi uyğunluq bəyannamələri, orta riskli mallara dair təsdiqedici sənədlər daxildir. Eyni zamanda, ölçmə vasitələrinin yoxlanılması və kalibrlənməsi haqqında şəhadətnamələr, laboratoriya sınaqlarının nəticələri, yoxlama nişanlarının qeydiyyatı, inspeksiya rəyləri, xarici uyğunluq sənədlərinin tanınması barədə qərarlar, ölçmə vasitələrinin yararsızlığına dair bildirişlər və ölçmə metodikalarının attestasiyası kimi vacib sənədlərin dövriyyəsi də artıq bu platforma üzərindən həyata keçirilir.
Sadaladıqlarımla yanaşı, sistemdə yeni istifadəyə verdiyimiz Mənşə sertifikatı alt modulu ixracatçılar üçün böyük üstünlük yaradır. Artıq malların mənşə ölkəsini təsdiq edən sertifikatların alınması tam elektronlaşıb. İxracatçılarımız müraciətlərini real vaxt rejimində idarə edə bilir və elektron imza vasitəsilə bütün prosedurları daha sürətli şəkildə tamamlayırlar.
- Bu rəqəmsal keçid sahibkarların gündəlik iş prosesinə və sənədləşmə əməliyyatlarına praktik olaraq hansı üstünlükləri qazandırır?
- Keyfiyyət informasiya sisteminin istifadəyə verilməsi akkreditasiya olunmuş qurumlar və sahibkarlar üçün çox mühüm üstünlüklər yaradır. Əsas məqam odur ki, biz bu sistemlə prosesləri tam elektronlaşdırmışıq. Bu isə kağız dövriyyəsinin əhəmiyyətli dərəcədə azalması, əməliyyatların sürətlənməsi və ən əsası, vaxt itkisinin qarşısının alınması deməkdir.
Hamıya məlumdur ki, “E-keyfiyyət.gov.az” platforması vasitəsilə artıq elektron hesabatlılıq imkanları yaradılıb. Üstəlik, sənədlərin hazırlanması ilə bağlı daxili prosesləri də artıq rəqəmsal formada həyata keçirmək mümkündür. Sistemin daxilində tətbiq etdiyimiz xüsusi filtrlər və funksional mexanizmlər xətaları minimuma endirir. Məsələn, akkreditasiya sahəsindən kənaraçıxma və ya qüvvədən düşmüş standartlara istinad kimi hallar sistem tərəfindən dərhal aşkarlanır. Bu da texniki səhvlərin və qəsdən edilən qayda pozuntularının proqram səviyyəsində qarşısını alır.
Şəffaflıq və etimad məsələsinə gəlincə, sənədlərin üzərinə istehlakçılar üçün rahatlıq təmin edən QR kodlar yerləşdirib. Beləliklə, onlar sənədin mötəbərliyini saniyələr ərzində yoxlaya bilirlər ki, bu da birbaşa akkreditasiya olunmuş qurumların təqdim etdiyi sənədlərə olan etimadı artırır. Digər yandan bütün bu sənədlər elektron imza və ya Asan İmza ilə təsdiqləndiyi üçün artıq onların kağız daşıyıcılarda təqdim olunmasına heç bir ehtiyac qalmır.
Sahibkarlar üçün bu sistem həm də bir risk sığortasıdır. Bilirsiniz ki, bazara mal çıxararkən təhlükəsizlik sənədlərinin olması qanunvericiliyin tələbidir və bu tələblərin pozulmasıyla əldə edilən sənədlər sahibkar üçün ciddi maliyyə riskləri yarada bilər. İndi isə sahibkarlar QR kodu oxutmaqla sənədin sistem tərəfindən yaradıldığını və qanunvericiliyə tam uyğunluğunu asanlıqla yoxlaya bilirlər. Eyni zamanda, onlar sınaq nəticələrinin doğruluğuna və sənədi verən qurumun səriştəliliyinə tam əmin olurlar.
Digər bir mühüm tərəf isə ölçmə vasitələri ilə bağlıdır. Bu sahə ilə məşğul olan şəxslər artıq hər hansı cihaz və ya avadanlığı ölkəyə gətirməzdən əvvəl sistemdəki reyestr vasitəsilə bütün lazımi məlumatları əldə edə bilirlər. Ən əsası, bu məlumatlar real vaxt rejimində gömrük orqanlarının sisteminə ötürülür ki, bu da gömrük prosedurları ilə yanaşı, sərhəddə ticarət əməliyyatlarını qat-qat sürətli və operativ edir.
- Bəs bu rəqəmsallaşma akkreditasiya, metrologiya və standartlaşdırma kimi spesifik sahələrdə xidmət prosesini praktik olaraq necə dəyişir?
- Keyfiyyət informasiya sistemi vasitəsilə akkreditasiya, metrologiya və standartlaşdırma sahələrini əhatə edən xidmətlərin vahid platformada inteqrasiyası (harmonizasiyası) təmin edilib. Bu sistem sayəsində akkreditasiya olunmuş uyğunluğu qiymətləndirən qurumların fəaliyyət sahələri birbaşa sistemə inteqrasiya olunur. Nəticədə qurumlar yalnız onlara verilmiş icazə sənədləri və müəyyən edilmiş səlahiyyət çərçivəsində fəaliyyət göstərə bilirlər.
Digər tərəfdən, sistem Standartlaşdırma üzrə Dövlət Fondu ilə əlaqələndirilib. Bu inteqrasiya akkreditasiya olunmuş qurumlara əlavə resurs sərf etmədən ölkədə qüvvədə olan dövlət standartlarının, eləcə də beynəlxalq və dövlətlərarası standartların aktuallığını operativ müəyyən etməyə imkan yaradır. Eyni zamanda, qüvvədən düşmüş və ya fonddan çıxarılmış standartlara istinadla təsdiqedici sənədlərin hazırlanması sistem tərəfindən avtomatik məhdudlaşdırılır.
Bir daha vurğulamaq istərdim ki, qüvvədə olmayan normativ sənədlərə istinad edilməsi qanunvericiliyin pozulması hesab olunur. Belə hallar uyğunluğu qiymətləndirən qurumlar üçün hüquqi məsuliyyət yarada və onların təqdim etdikləri sənədlərin ləğvinə səbəb ola bilər. Sistem vasitəsilə tətbiq olunan bu məhdudiyyətlər fəaliyyətin daha şəffaf və etibarlı təşkilinə xidmət edir, istifadəçilərdə (hüquqi və fiziki şəxslərdə) xidmətə olan etimadı artırır.
Sistem metroloji avadanlıqların və ölçmə vasitələrinin satışı, eləcə də istismarı ilə məşğul olan sahibkarlar üçün də yeni imkanlar açır. Belə ki, platformada standart nümunələrin və tipi təsdiq olunmuş ölçmə vasitələrinin reyestri formalaşdırılıb və bu baza real vaxt rejimində yenilənir. Sahibkarlar ölçmə vasitələrini idxal etməzdən əvvəl heç bir əlavə müraciətə ehtiyac duymadan, sistem üzərindən cihazların reyestrdə olub-olmadığını yoxlaya bilərlər. Sözügedən reyestr gömrük orqanlarının müvafiq elektron sistemləri ilə də inteqrasiya olunub.
Sistemdə ölçmə vasitələrinin tipinin təsdiqi üçün müraciətlərin qəbulu tam elektronlaşdırılaraq istifadəyə verilib. Bu yanaşma kağız daşıyıcılardan asılılığı azaldır, vaxt və resurs sərfinin qarşısını alır, ümumilikdə isə xidmətlərin daha əlçatan və səmərəli təşkilinə şərait yaradır.
- Portalın ən mühüm funksionallıqlarından biri də mənşə sertifikatları ilə bağlıdır. Bəs bu prosesin tam elektronlaşması və onlayn yoxlanılması imkanı ixracatçıların fəaliyyətinə konkret olaraq necə təsir edir?
- Bəli, artıq mənşə sertifikatlarının alınması tamamilə rəqəmsallaşıb. Bunun üçün Keyfiyyət informasiya sistemində xüsusi “Mənşə sertifikatı” alt modulu istifadəyə verilib. 2026-cı il yanvarın 1-dən etibarən malın mənşə ölkəsini təsdiq edən sertifikatların əldə olunması ilə bağlı müraciətlərin Keyfiyyət informasiya sistemi vasitəsilə tam elektron qaydada həyata keçirilməsi prosesinə başlanılıb.
Yeni dəyişikliklərlə əlaqədar sistemə tam keçid təmin olunduqdan sonra mənşə sertifikatlarının əldə edilməsi prosesində yarana biləcək ləngimələrin qarşısının alınması və sahibkarların sistemdən istifadə bacarıqlarının formalaşdırılması məqsədilə Bakı və regionlarda 275 ixracatçının 302 səlahiyyətli nümayəndəsinin iştirakı ilə 11 maarifləndirici görüş keçirilib. Bu görüşlərdə ölkə üzrə ən çox mənşə sertifikatı alan müəssisələr, o cümlədən meyvə-tərəvəz ixracatçıları, qida və qeyri-qida sahəsində fəaliyyət göstərən digər sahibkarlar iştirak edərək, yeni sistemin iş prinsipləri ilə yaxından tanış olublar.
Müraciətlərin bu sistem üzərindən icra edilməsi ixracatçılar üçün elektron imza və ya Asan İmza vasitəsilə şəxsi kabinetin yaradılmasına, müraciətlərin icra statusu barədə real vaxt rejimində dəqiq məlumatların izlənilməsinə, həmçinin malın mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertiza müqaviləsinin bağlanması və xidmət haqqı ilə dövlət rüsumlarının elektron qaydada ödənilməsinə geniş imkanlar yaradır. Eyni zamanda, sistem vasitəsilə müəyyən dövr aralığında əldə edilmiş mənşə sertifikatları barədə statistik məlumatların çıxarılması, ixracatçıların təqdim etdiyi məlumatlar əsasında sertifikatların rəqəmsal formatda yaradılması və sənədlərin daha çevik, operativ şəkildə əldə edilməsi kimi mühüm üstünlüklər təmin olunur.
- Yaxın gələcəkdə sahibkarlar Keyfiyyət informasiya sistemində daha hansı yeni funksiyaları, xidmətləri və rəqəmsal yenilikləri görə biləcəklər?
- Yaxın gələcəkdə Keyfiyyət informasiya sistemi çərçivəsində sahibkarların işini əhəmiyyətli dərəcədə yüngülləşdirəcək yeni funksiya və xidmətlərin istifadəyə verilməsi planlaşdırılır. Bu yeniliklərin təməl hədəfi texniki tənzimləmə sahəsindəki bütün prosesləri daha operativ hala gətirmək və tamamilə elektron müstəviyə daşımaqdır. Bu istiqamətdə atılan ən mühüm addımlardan biri Ümumdünya Ticarət Təşkilatının (ÜTT) tələblərinə uyğun olaraq “Ticarətdə texniki maneələr üzrə məlumat mərkəzi”nin yaradılmasıdır. Bu mərkəz dövlətlərin standartlaşdırma və uyğunluğun qiymətləndirilməsi sahəsində qəbul etdikləri qaydaları şəffaf şəkildə təqdim edən rəsmi bir mexanizm rolunu oynayacaq.
Sistemdə belə bir mərkəzin fəaliyyət göstərməsi o deməkdir ki, artıq texniki reqlamentlər, standartlar və müvafiq prosedurlar barədə bütün məlumatlar vahid platformada birləşəcək. Sahibkarlar və dövlət qurumları artıq müxtəlif mənbələrdə vaxt itirmədən, öz suallarını birbaşa bu platforma üzərindən ünvanlaya və lazımi sənədləri sürətlə əldə edə biləcəklər. Bu şəffaflıq xüsusilə xarici bazarlara çıxmaq istəyən biznes subyektləri üçün həyati əhəmiyyət kəsb edir. Beynəlxalq tələbləri öncədən bilən sahibkar öz məhsulunu həmin standartlara uyğun hazırlayaraq ixrac imkanlarını genişləndirir, bazarda yaranan qeyri-müəyyənlikləri və əlavə xərcləri minimuma endirir. Eyni zamanda, bu sistem bazarda təhlükəli və keyfiyyətsiz məhsulların qarşısını almaqla həm sağlam rəqabəti, həm də istehlakçıların təhlükəsizliyini qoruyur.
İslahatların digər mühüm hissəsi isə uyğunluq sənədlərinin vahid reyestrinin formalaşdırılmasıdır. Bu reyestrdə akkreditasiya olunmuş qurumların verdiyi sertifikatlardan tutmuş sahibkarların tərtib etdiyi bəyannamələrə qədər bütün sənədlər əks olunacaq. Ən maraqlı məqam isə bu sistemin gömrük orqanlarının elektron bazası ilə inteqrasiya edilməsidir. Beləliklə, idxal zamanı sənədlərin yoxlanılması real vaxt rejimində, daha sürətli və effektiv həyata keçiriləcək. "E-keyfiyyət.gov.az" portalı ilə gömrük sistemi arasındakı bu birbaşa məlumat mübadiləsi standartlara cavab verməyən malların ölkəyə girişini səmərəli şəkildə məhdudlaşdıracaq.
Nəhayət, bu rəqəmsal transformasiyanın tamamlayıcı halqası kimi yaxın vaxtlarda sistemin həm Android, həm də iOS platformaları üçün nəzərdə tutulan mobil tətbiqləri istifadəyə veriləcək. Bu tətbiqlər sahibkarlara istədikləri məkandan və istənilən vaxt xidmətlərə çıxış imkanı yaradacaq. Bildirişlər vasitəsilə normativ tələblərdəki yenilikləri anında izləmək mümkün olacaq ki, bu da elektron xidmətlərin gündəlik biznes fəaliyyətinin ayrılmaz və rahat bir hissəsinə çevrilməsini təmin edəcək.
Sonda bir daha qeyd etmək istərdim ki, Keyfiyyət informasiya sistemi vasitəsilə təqdim olunan xidmətlər sahibkarların, vətəndaşların və bütün istifadəçilərin bu sahədəki məlumatlara daha operativ və rahat çıxışını təmin etmək məqsədi daşıyır. Bu baxımdan, hər birinizi sistemin təqdim etdiyi geniş imkanlardan fəal şəkildə yararlanmağa, yerləşdirilən yenilikləri diqqətlə izləməyə və xidmətlərdən istifadə zamanı mövcud qaydalara riayət etməyə çağırıram.
Eyni zamanda, istifadəçilərin suallarını daha sürətli cavablandırmaq və məlumat mübadiləsini asanlaşdırmaq üçün sistemdə “Canlı söhbət” funksiyasının da istifadəyə verildiyini xatırlatmaq istərdim. Sahibkarlar və vətəndaşlarımız birbaşa çata müraciət edərək, onları maraqlandıran məsələlərlə bağlı anında məlumat və dəstək əldə edə bilərlər.
Sahibkarların keyfiyyət infrastrukturu sahəsindəki yeniliklərdən daim xəbərdar olmaları və sistemdəki resurslardan düzgün istifadə etmələri bizim üçün xüsusi əhəmiyyət kəsb edir. Bununla yanaşı, onların rəy və təklifləri xidmətlərimizin gələcəkdə daha da təkmilləşdirilməsinə mühüm töhfə verəcək. Məqsədimiz hər bir istifadəçi üçün əlçatan, etibarlı və operativ xidmət mühiti formalaşdırmaqdır.
Faiq KƏRİMOĞLU