“KOB-ların yaşıl keçidi üçün Bakı İqlim Koalisiyası üzrə Birgə Bəyannamə”ni dəstəkləyənlərin sırası genişlənir

2026.04.02 16:19 (UTC+04:00)

KOB-ların iqlim dəyişiklikləri ilə mübarizədə fəal iştirakının təmin olunması, yaşıl biznes təşəbbüslərini təşviq etmək və bu sahədə beynəlxalq əməkdaşlığı genişləndirmək məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən irəli sürülmüş “KOB-ların yaşıl keçidi üçün Bakı İqlim Koalisiyası üzrə Birgə Bəyannamə”yə qoşulan ölkələrin və təşkilatların sayı artmaqda davam edir. Bu günə kimi bəyənnaməyə ümumilikdə 10 ölkə, 27 yerli və beynəlxalq təşkilat qoşulub. Bəyannaməyə dair ətraflı məlumat www.greensme.org saytda yerləşdirilib. İstənilən ölkədə sahibkarlıq və biznes sahəsində fəaliyyət göstərən dövlət qurumları, beynəlxalq və yerli təşkilatlar, eləcə də biznes subyektləri Bəyannaməyə qoşula bilərlər.

Həmçinin, 2025-ci ildə bəyannamə barədə xarici ölkələrin, yerli və beynəlxalq təşkilatların maarifləndirilməsi üçün 10-a yaxın tədbir təşkil olunub.

Qeyd edək ki, “KOB-ların yaşıl keçidi üçün Bakı İqlim Koalisiyası üzrə Birgə Bəyannamə” 2024-cü ildə Bakıda keçirilən COP29 çərçivəsində KOBİA tərəfindən irəli sürülmüş beynəlxalq təşəbbüsdür. Bu sənəd KOB-lar üçün ilk dəfə olaraq qlobal iqlim hərəkatının yaradılmasını təklif edir. Bəyannaməyə qoşulan ölkələrdə KOB-ların yaşıl keçidinin asanlaşdırılması və mövcud çətinliklərin aradan qaldırılması məqsədilə sahibkarların bilik və bacarıqlarının artırılması üçün təlim və seminarların təşkili, ən yaxşı təcrübələrin mübadiləsi, eləcə də Yaşıl KOB Resurs Mərkəzlərinin yaradılması nəzərdə tutulur.