Müəllimlərin məzuniyyət müddəti və buna görə ödəniş məbləğlərinin hesablanması MƏQALƏ

2026.04.06 09:35 (UTC+04:00)

Əmək Məcəlləsində edilmiş son dəyişikliklərdən biri də pedaqoji işçilərin məzuniyyəti ilə bağlıdır. Yeniliyə əsasən, bu ildən müəllimlər yalnız yay aylarında deyil, ilin istənilən dövründə əmək məzuniyyətindən istifadə edə biləcəklər. Bəs onların məzuniyyət müddəti nə qədərdir? Məzuniyyət haqqı necə hesablanır?

vergiler.az”ın suallarına əmək qanunvericiliyi üzrə ekspert Kəmalə Yusifova aydınlıq gətirir.

Pedaqoji işçilərin əmək məzuniyyətinin müddəti Azərbaycan Respublikası Əmək Məcəlləsinin 118-ci maddəsi ilə tənzimlənir. Həmin maddənin 1-ci bəndinə əsasən, aşağıdakı işçilərə əmək məzuniyyəti 56 təqvim günü müddətində verilməlidir:

a) illik normanın üçdə bir hissəsindən az olmamaqla pedaqoji iş aparan təhsil müəssisələrinin rəhbər işçilərinə, tərbiyəçilərinə, təlimatçılarına, dərnək və musiqi rəhbərlərinə, konsertmeysterlərə, akkompaniatorlara, xormeysterlərə və başqa musiqi işçilərinə;

b) bütün ixtisas və adlardan olan müəllimlərə (məşqçi müəllimlərdən başqa);

c) uşaq birliyi rəhbərlərinə, magistrlərinə, praktik psixoloqlara, loqopedlərə, surdopedaqoqlara;

ç) təhsil müəssisələrinin tərbiyəçilərinə (ümumi təyinatlı internat tipli ümumtəhsil məktəblərinin, internat tipli liseylərin, internat tipli gimnaziyaların, inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəblərinin, xüsusi ümumtəhsil məktəblərinin, internat tipli xüsusi ümumtəhsil məktəblərinin və internat tipli sanator ümumtəhsil məktəblərinin tərbiyəçilərindən başqa) eşitmə kabinetlərinin təlimatçılarına, dərnək rəhbərlərinə, hərbi rəhbərlərə, bədən tərbiyəsi rəhbərlərinə;

d) sosial müdafiə orqanlarının və tibb müəssisələrinin bilavasitə pedaqoji fəaliyyətlə məşğul olan işçilərinə;

e) elmi müəssisə və təşkilatların, habelə ali təhsil müəssisələrinin elmi tədqiqat bölmələrinin elmlər doktoru elmi dərəcəsi olan əməkdaşlarına, rəhbərlərinə və onların elmi işlər üzrə müavinlərinə, elmi katiblərinə;

ə) müvafiq elmi şuranın qərarı əsasında müstəqil elmi tədqiqat işləri aparan elmi işçilərə.

Məcəllənin 118-ci maddəsinin 2-ci bəndində isə göstərilib ki, aşağıdakı işçilərə əmək məzuniyyəti 42 təqvim günü müddətində verilməlidir:

a) uşaq evlərinin, məktəbəqədər təhsil müəssisələrinin rəhbər işçilərinə, tərbiyəçilərinə, tərbiyəçi-müəllimlərinə, metodistlərə, defektoloqlara, loqopedlərə, musiqi rəhbərlərinə, psixoloqlara;

b) metodika kabinetlərinin və mərkəzlərinin rəhbərlərinə, metodistlərinə və təlimatçılarına;

c) ümumi təyinatlı internat tipli ümumtəhsil məktəblərinin, internat tipli liseylərin, internat tipli gimnaziyaların, inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəblərinin, xüsusi ümumtəhsil məktəblərinin, internat tipli xüsusi ümumtəhsil məktəblərinin və internat tipli sanator ümumtəhsil məktəblərinin tərbiyəçilərinə;

ç) məktəbdənkənar uşaq müəssisələrinin dərnək rəhbərlərinə, kütləvi işçilərinə;

d) məşqçi müəllimlərə;

e) elmi müəssisə və təşkilatların, habelə ali təhsil müəssisələrinin elmi tədqiqat bölmələrinin fəlsəfə doktoru elmi dərəcəsi olan əməkdaşlarına, rəhbərlərinə və onların elmi işlər üzrə müavinlərinə, elmi katiblərinə.

Qanunvericiliyə əsasən, məzuniyyətin verilməsi barədə əmr (sərəncam, qərar) məzuniyyətin başlanmasına azı 5 gün qalmış verilir və işçi onunla tanış edilir. İşəgötürənin yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdarlığından sonra işçi əmək məzuniyyətinin növbəlilik cədvəlinə və əmək məzuniyyətinin başqa vaxta keçirilməsi şərtləri və qaydasına riayət etməyərək əmək məzuniyyətindən istifadə etmək (tam, yaxud bir hissəsindən) üçün işəgötürənə ərizə ilə müraciət etmədikdə işəgötürənin əmri (sərəncamı, qərarı) ilə müvafiq iş ilinin əmək məzuniyyətinə göndərilir.

İşçinin birinci iş ili üçün əmək məzuniyyətindən istifadə etmək hüququ əmək müqaviləsinin bağlandığı andan etibarən 6 ay işlədikdən sonra əmələ gəlir. 6 aydan tez məzuniyyət hüququndan istifadə etmək istədikdə işəgötürənin razılığı ilə məzuniyyət verilməsi mümkündür.

Misal 1: Yeni işə başlayan müəllimin illik əmək məzuniyyəti 56 gündür. O, 6 ay tamam olmadan yay tətilində 56 günü istifadə edə bilərmi? Bu halda yalnız işəgötürənin razılığı ilə məzuniyyətdən istifadə edə bilər.

Misal 2: İşçi 56 gün məzuniyyəti tam istifadə edib, ili tamam olmadan işdən ayrılır. Bu halda məzuniyyət pulu, artıq verilən məzuniyyət günü üçün ödənilən məbləğ son haqq-hesab məbləğindən tutulur.

Misal 3: Müəllim məzuniyyətdən istifadə etmədən işdən ayrılarsa, qalıq məzuniyyət günləri üçün kompensasiya ödəniləcək.

Bəs əvəzçilik üzrə işləyən müəllimlərə neçə gün məzuniyyət verilməlidir? Əmək Məcəlləsinə əsasən, işçilər vəzifəsindən, əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq, müəyyən məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər. Əvəzçiliklə işləyənlər də bu məzuniyyətlərdən yararlana bilərlər. Vəzifəsindən asılı olmayaraq, hər hansı işçinin məzuniyyət hüququ məhdudlaşdırıla bilməz. Məcəllədə verilən izaha əsasən deyə bilərik ki, əsas müəllimin məzuniyyət günü neçə gündürsə, əvəzçilik üzrə işləyən müəllimin də məzuniyyət müddəti eyni olacaq.

Müəllimlərin əmək məzuniyyətinin hesablanması

Əmək Məcəlləsinin 140-cı maddəsinə əsasən, məzuniyyət vaxtı üçün ödənilən orta əməkhaqqı, onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq, məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əməkhaqqına əsasən müəyyən edilir. Məzuniyyət vaxtı üçün orta əməkhaqqı hesablanarkən qismən ödənişli sosial məzuniyyətdə və ya işçinin təşəbbüsü ilə olmayan ödənişsiz məzuniyyətdə olması, eləcə də işçinin təqsiri olmadan boşdayanma səbəblərindən işlənilməyən və ya tam işlənilməyən aylar yaxın tam işlənilən təqvim ayları ilə əvəz olunur.

12 təqvim ayından az əmək münasibətində olub məzuniyyətə çıxan işçinin orta aylıq əməkhaqqı onun faktiki işlədiyi tam təqvim aylarına əsasən hesablanır.

Məzuniyyət günlərinin əməkhaqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əməkhaqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əməkhaqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına - 30,4-ə bölmək yolu ilə bir günlük əməkhaqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əməkhaqqının məbləği məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur.

Misal 4: Azərbaycan dili müəllimi 56 təqvim günü əmək məzuniyyətindən istifadə edir. Tədris etdiyi məktəbdə 20 ildir fəaliyyət göstərir və iyul ayında məzuniyyətə çıxıb.

İl

Ay

Gəlirin tərkibi

Cəmi

Əməkhaqqı

Məzuniyyət haqqı

2025

İyul

1223.68

1223.68

Avqust

986.84

986.84

Sentyabr

1200

1200

Oktyabr

1200

1200

Noyabr

1200

1200

Dekabr

1200

1200

2026

Yanvar

1200

1200

Fevral

1200

1200

Mart

1200

1200

Aprel

1200

1200

May

1200

1200

İyun

1200

1200

Cəmi

14210.52

Bu halda müəllimin məzuniyyət haqqını hesablayaq:

14.219.52 : 12 = 1.184,21 manat – (orta aylıq əməkhaqqı məbləği);

1.184,21 : 30.4 = 38.95 manat – (orta günlük əməkhaqqı məbləği);

38.95 x 56 = 2.181,44 manat – (məzuniyyət dövrü üçün orta əməkhaqqı məbləği).