“Gəncə KOB evi” sahibkarların istifadəsinə verilib

2026.03.19 16:33 (UTC+04:00)

Sayca beşinci KOB evi Gəncə şəhərində fəaliyyətə başlayıb. “Gəncə KOB evi”ndə 15 dövlət qurumu tərəfindən sahibkarlara 80-dən çox xidmət göstəriləcək. Sahibkarlar biznesin qeydiyyatı, vergi, gömrük və ixrac məsələləri, lisenziya, mənşə sertifikatı, açıq məkanda reklam yerləşdirilməsi, nəqliyyat vasitələri üçün fərqlənmə nişanlarının alınması və digər icazələr, investisiya təşviqi sənədi, qida təhlükəsizliyi, baytarlıq və bitki mühafizəsi xidmətləri, ekoloji icazələr və təbii ehtiyatlardan istifadə, sosial müdafiə və məşğulluq məsələləri, kommunal xidmətlərə qoşulma və s. xidmətlər üçün “Gəncə KOB evi”nə müraciət edə bilərlər.

KOB evində, həmçinin, sahibkarlara özəl təşkilatlar tərəfindən bank, sığorta, konsaltinq, lizinq, tərcümə və s. kimi “B2B” xidmətlər də göstəriləcək. Ümumilikdə “Gəncə KOB evi”ndə 33 xidmət pəncərəsində sahibkarlara “G2B” və “B2B” xidmətlər təqdim olunacaq. Gəncə şəhəri ilə yanaşı, ətraf şəhər və rayonların sahibkarları da “Gəncə KOB evi”nin xidmətlərindən istifadə edə bilərlər.

Sahibkarlara biznes ideyalarının reallaşması üçün məsləhət, təlim, biznes planın hazırlanması, şəbəkələşmə kimi xidmətlər göstərəcək Gəncə KOB İnkişaf Mərkəzi və KOB dostu ofisi də bu binada fəaliyyət göstərəcək. “Gəncə KOB evi”ndə həmçinin, sahibkarlarla görüşlərin və tədbirlərin təşkili üçün konfrans zalı, iş otaqları və digər zəruri infrastruktur yaradılıb.