İnnovasiya ekosistemi: süni intellekt dəstəkli yeni startaplar MƏQALƏ

2026.03.18 15:43 (UTC+04:00)

Azərbaycanda “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı artıq 263-ə çatıb. Bu statusu almaqla sahibkarlar innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə 3 il müddətinə mənfəət və ya gəlir vergisi ödəmirlər. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) ən son 11 müraciət daxil olub və onlardan 8-nə Ekspertlər Şurasının qərarı ilə bu sənəd təqdim edilib.

Xüsusilə vurğulamaq lazımdır ki, bu dəfə seçilən layihələrin əksəriyyəti süni intellekt texnologiyalarına əsaslanır. Bu tendensiya innovasiya ekosistemində süni intellekt təşəbbüslərinin ön plana çıxdığını aydın şəkildə nümayiş etdirir. Digər tərəfdən, mikro və kiçik sahibkarlara göstərilən vergi dəstəyi rəqəmsal iqtisadiyyatın genişlənməsi üçün münbit şərait yaradır.

Hər zaman olduğu kimi, “vergiler.az” bu dəfə də innovativ layihələrin yaradıcıları ilə həmsöhbət olub və startapçıların bir neçəsi layihələrinin fərqli tərəflərini oxucularımızla bölüşüblər.

"İmza İdea Lab": hədiyyə seçimində süni intellekt dəstəyi

Xüsusi günlərdə kreativ sürprizlərin tapılması və seçilməsi prosesi artıq daha asan və əlçatan hala gəlir. “İmza İdea Lab” MMC-nin yaratdığı hədiyyə axtarışı platforması süni intellektə inteqrasiya olunub. Startapın həmtəsisçisi Ülvi Quluzadə bildirib ki, bu sistem istifadəçinin verdiyi məlumatlara əsaslanaraq hədiyyə alacaq şəxsə ən uyğun kreativ variantlar təklif edir. Beləliklə, insanlar uzun müddət axtarış etmədən qısa zamanda ən uyğun hədiyyə ideyalarını əldə edə bilirlər. Əvvəllər uyğun hədiyyə tapmaq üçün müxtəlif sayt və mağazalarda uzun axtarışlar aparmaq lazım gəlirdisə, indi süni intellekt bu yükü istifadəçinin üzərindən götürür. Sistem hədiyyə veriləcək şəxsi, onunla yaxınlıq dərəcəsini, büdcəni və qarşı tərəfin maraq dairəsini analiz edərək fərdi seçimlər təqdim edir. Üstəlik, bəyənilən məhsul elə həmin platforma üzərindən birbaşa ünvana çatdırılır ki, bu da həm vaxta qənaət edir, həm də daha dəqiq seçim etməyə imkan yaradır.

Hazırda bazarda mövcud olan digər platformalardan fərqli olaraq, “İmza İdea Lab”ın ərsəyə gətirdiyi layihə sadəcə məhsul kataloqu deyil, məhz ağıllı tövsiyə sistemi vasitəsilə fərdiləşdirilmiş xidmət təklif edir. Ü.Quluzadənin sözlərinə görə, gələcəkdə bu sistemin mobil tətbiq olaraq işə salınması, həmçinin ofis fəaliyyətə başladıqdan sonra fiziki və korporativ müştərilər üçün fərdi hədiyyə konsultasiyası xidmətinin yaradılması planlaşdırılır.

Platformanın inkişaf istiqamətləri arasında yerli istehsalçıların və yaradıcı şəxslərin məhsullarına daha çox yer verilməsi, fərdiləşdirilə bilən seçimlərin artırılması və layihənin beynəlxalq bazara çıxarılması əsas hədəflərdir. Təsisçi onu da qeyd edib ki, tətbiq olunan vergi güzəştləri startapın ilkin mərhələsində resursların daha səmərəli istifadəsinə şərait yaradır. Bu imkan sayəsində əldə olunan maliyyə vəsaiti texnologiyanın, xüsusilə də süni intellekt alqoritmlərinin təkmilləşdirilməsinə yönəldiləcək. Beləliklə, “İmza İdea Lab”ın təqdim etdiyi layihə yalnız bir satış platforması deyil, kiçik bizneslərin və yaradıcı insanların öz məhsullarını geniş auditoriyaya təqdim edə biləcəyi innovativ ekosistemə çevriləcək.

"NM SOFT": tibbi idarəetmədə rəqəmsal transformasiya

“Startap” şəhadətnaməsi alan “NM SOFT MMC” tibb müəssisələrinin idarəetmə proseslərini vahid rəqəmsal platformada birləşdirən innovativ bir sistem hazırlayıb. Bu platforma sayəsində səhiyyə müəssisələrində idarəetməni daha səmərəli, şəffaf və operativ etmək mümkündür. Burada pasiyent qeydiyyatı, tibbi məlumatların idarə olunması, maliyyə əməliyyatları və analitik hesabatların hazırlanması kimi mühüm funksiyalar yer alıb. MMC-nin direktoru Nicat Qasımov bildirib ki, layihə gündəlik idarəetməni avtomatlaşdıraraq iş yükünü əhəmiyyətli dərəcədə azaldacaq. İş prosesində əsas diqqət istifadə rahatlığına, lokal bazara tam uyğunluğa və real ehtiyacları qarşılayan funksionallığa yönəldilib.

Yenilik sayəsində klinikalar sistem vasitəsilə pasiyentlərin qeydiyyatını, həkim qrafiklərini, tibbi məlumatların saxlanılmasını və maliyyə əməliyyatlarını tək platformadan idarə edə bilir. Bu yanaşma kağız sənədləşməni minimuma endirməklə yanaşı, məlumatlara operativ çıxışı təmin edir. Nəticə etibarilə tibb işçilərinin vaxtından səmərəli istifadə olunduğu kimi, pasiyentlərə göstərilən xidmətin keyfiyyəti də artır.

Layihənin əsas yeniliyi onun bulud əsaslı və çevik idarəetmə platforması olmasındadır. Müxtəlif modullardan ibarət olan sistem hər bir müəssisəyə öz ehtiyacına uyğun seçimlər etmək imkanı verir. Real vaxt rejimində təqdim olunan analitika və hesabatlar rəhbərliyin effektiv qərarlar qəbul etməsini asanlaşdırır, sadə və intuitiv interfeys isə sistemin qısa müddətdə mənimsənilməsini təmin edir.

Gələcək mərhələdə sistemin funksiyalarının daha da genişləndirilməsi və süni intellekt əsaslı analitik alətlərin əlavə edilməsi planlaşdırılır. N.Qasımov vurğulayır ki, bu imkanlar sayəsində klinikalar fəaliyyət göstəricilərini daha dərindən analiz edərək prosesləri optimallaşdıra biləcəklər. Eyni zamanda, məhsulun region ölkələrinin bazarına çıxarılması və beynəlxalq standartlara uyğun inkişaf etdirilməsi də əsas hədəflər sırasındadır.

Layihə çərçivəsində yaradılan mobil və veb tətbiqlər istifadəçilərə sistemə istənilən yerdən çıxış imkanı verir. Xüsusilə mobil tətbiq həkim və personal üçün qrafiklərin izlənməsi və pasiyent məlumatlarına operativ baxış imkanı yaradır. Direktorun fikrincə, "Startap" şəhadətnaməsinin təqdim etdiyi vergi güzəştləri innovativ ideyaların inkişafına ciddi dəstək verərək layihəyə daha çox investisiya yatırılmasına və texnoloji tərəqqinin sürətlənməsinə şərait yaradır.

"Hüquq360": peşəkar vəkil bir toxunuş qədər yaxında...

Uzun illər ərzində hüquqi yardım almaq çətin, vaxtaparan və bəzən əlçatmaz bir proses kimi yadda qalıb. "RR Company" LLC-nin direktoru Ramid Yusifbəyli bu problemi texnologiya ilə həll etməyə qərar verib və ortaya "Hüquq360" mobil tətbiqi çıxıb. Startapın qurucusu apardıqları bazar araşdırmasına əsaslanaraq tətbiqin Qafqaz regionunda analoqu olmadığını bildirir. Tətbiq sürətli, innovativ və hər kəsin rahatlıqla istifadə edə biləcəyi sadə bir interfeysə malikdir. R.Yusifbəyli deyir ki, "Hüquq360" ölkədə mövcud olan digər hüquq tətbiqləri ilə heç bir əlaqəsi olmayan, tamamilə özünəməxsus bir məhsuldur.

Tətbiqdən istifadə etmək üçün “Google Play” və “App Store”dan yüklədikdən sonra qeydiyyatdan keçib şəxsi hesab yaratmaq kifayətdir. Bundan sonra istifadəçi kateqoriyalar bölməsindən ehtiyacına uyğun hüquqi xidməti seçir və bütün proses tam konfidensiallıq çərçivəsində baş tutur. Ən önəmlisi isə odur ki, seçim edilən kimi, platforma istifadəçini həmin kateqoriya üzrə xidmət göstərən vəkillərə yönləndirir. Vəkili seçmək isə istifadəçinin öz əlindədir. Onlar vəkili reytinqi, profil məlumatları, digər istifadəçilərin rəylərinə əsaslanaraq seçə bilərlər. Seçim qərarı verildikdən sonra vəkillə real vaxt rejimində danışmaq üçün onun profilindəki zəng düyməsini sıxmaq kifayət edir.

Startapçı "Hüquq360"a marağın yüksək olduğunu və layihənin müvafiq qurumların da diqqətindən yayınmadığını vurğulayır. Onun sözlərinə görə, layihə 2024-cü ildə Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi tərəfindən qeydiyyata alınıb, 2026-cı ildə isə KOBİA-nın “Startap” şəhadətnaməsini alıb.

“Qizilal.az”: rəqəmsal zərgərlik bazarı

Ənənəvi zərgərlik alış-verişinin gətirdiyi yorucu mağaza gəzintiləri və çətin qiymət müqayisələri dövrü artıq geridə qalır. Startapçı Rəşid Məmmədovun təsis etdiyi “Qizilal.az” platforması sektoru rəqəmsal dünyanın çevikliyi ilə birləşdirir.

Layihə müəllifinin sözlərinə görə, platforma Azərbaycanda zərgərlik sahəsinə fokuslanan yeganə ixtisaslaşmış “marketplace”dir. Burada iri mağazalar və fərdi satıcılar vahid bir məkanda toplanıb. Alıcılar üçün şəffaf və geniş seçim imkanları təqdim edən müasir bir ekosistem formalaşdırılıb. Ümumi elan saytlarından fərqli olaraq, yalnız qızıl və qiymətli zinət əşyalarına fokuslanan platforma satıcılar üçün effektiv onlayn satış kanalı rolunu oynayır və onlara xüsusi mağaza səhifələri vasitəsilə öz məhsullarını peşəkar şəkildə nümayiş etdirmək şansı yaradır.

Platforma bir sıra üstünlükləri ilə diqqət çəkir. R.Məmmədov deyir ki, satıcıların çəkdiyi sadə məhsul şəkillərinin xüsusi alqoritmlər vasitəsilə estetik və peşəkar görünüşə uyğunlaşdırılması əlçatandır ki, bu da onlayn vitrinlərin vizual keyfiyyətini və alıcı etibarını əhəmiyyətli dərəcədə yüksəldir. Bundan əlavə, platformada VIP elan və reklam imkanları da təqdim olunur. Bu üstünlük mağazalara məhsullarını daha geniş auditoriyaya tanıtmağa kömək edir.

Gələcək planlar arasında mobil tətbiqin istifadəyə verilməsi və artırılmış reallıq (AR) texnologiyasının tətbiqinin nəzərdən keçirildiyini bildirən startapçının sözlərinə əsasən, yeni mobil tətbiq istifadəçilərə yeni elanlar barədə bildirişlər almaq, məhsulları daha sürətli tapmaq və satıcılarla daha rahat əlaqə qurmaq imkanı verəcək. AR texnologiyası sayəsində istifadəçilər bəyəndikləri zinət əşyalarını virtual olaraq öz üzərlərində sınaqdan keçirə biləcəklər ki, bu da müştəri təcrübəsini tamamilə yeni bir mərhələyə daşıyacaq.

“Startap” şəhadətnaməsi çərçivəsində təqdim olunan vergi güzəştlərindən danışan layihə müəllifi bu addımı startapın ilkin mərhələdə inkişafı üçün çox böyük dəstək adlandırıb. Vurğulayıb ki, əldə olunan vəsait daha çox məhsulun inkişafına, daha müasir texnologiyaya və marketinq fəaliyyətlərinə yönəldiləcək, nəticə etibarilə bu cür dəstək platformanın daha sürətli inkişaf etməsi və bazarda daha geniş istifadəçi auditoriyasına çatmasına əhəmiyyətli kömək olacaq.

“Baysart Gold”: qızılın rəqəmsal idarəetmə modeli

Müasir texnologiyaların sürətli inkişafı ənənəvi investisiya alətlərini rəqəmsal müstəviyə daşıyaraq maliyyə resurslarının idarə edilməsində yeni standartlar müəyyən edir. Bu tendensiyanın yerli bazardakı ən uğurlu nümunələrindən biri kimi çıxış edən “Baysart” MMC-nin təqdim etdiyi “Baysart Gold” platforması qiymətli metalların, xüsusilə qızıl və gümüşün alğı-satqısı və saxlanılması üçün nəzərdə tutulmuş innovativ texnoloji həlldir. Layihənin qurucusu Əhməd Qədirov deyib ki, “Baysart Gold” platforması istifadəçilərə mobil mühitdə yüksək rahatlıq təqdim etməklə onlara real vaxt qiymətlərini izləmək, əməliyyatlarını sərbəst idarə etmək və sahib olduqları metal aktivlərini tam şəffaf şəkildə görmək imkanı yaradır. Sadə istifadəçi interfeysi və məlumatların təhlükəsizliyinə verilən xüsusi diqqət platformanın əsas üstünlükləri sırasındadır.

Ənənəvi üsullarla fiziki qızıl əldə etmək və onu qorumaq bir çox hallarda yüksək saxlama xərcləri, təhlükəsizlik riskləri və qiymət formalaşmasındakı qeyri-şəffaflıq səbəbindən çətinliklər yaradır. “Baysart Gold” bu mürəkkəb prosesi sadələşdirərək istifadəçilərə öz metal aktivlərini birbaşa rəqəmsal mühitdə izləmək və idarə etmək imkanı verir.

Ə.Qədirov xüsusilə vurğulayıb ki, “Baysart Gold” bir maliyyə təşkilatı, investisiya şirkəti və ya broker deyil, platforma, sadəcə olaraq, qiymətli metallarla bağlı əməliyyatların icrası üçün zəruri olan rəqəmsal infrastrukturu təqdim edən texnoloji alətdir.

Platformanın fundamental üstünlüyü rəqəmsal aktivlərin real fiziki metallarla təmin olunmasıdır. Qızıl və ya gümüşün hər bir qramı rəsmi qeydiyyata alınır və müasir standartlara uyğun xüsusi anbarlarda qorunur. İstifadəçilər mobil tətbiq vasitəsilə sahib olduqları metalın real dəyərini və mövcudluğunu istənilən an izləyə bilirlər. Real vaxt rejimində yenilənən qiymətlər və sadə interfeys əməliyyatları hətta texnoloji bilikləri minimal olan şəxslər üçün də əlçatan edir.

Layihənin inkişaf strategiyası gələcəkdə təhlükəsizlik arxitekturasının gücləndirilməsi və yeni rəqəmsal həllərin ənənəvi aktivlərlə inteqrasiyasına yönəlib. Ə.Qədirov bildirir ki, “Startap” şəhadətnaməsi və ona tətbiq edilən vergi güzəştləri məhsulun təkmilləşdirilməsinə yönəlik münbit şərait yaradacaq. Vurğulayır ki, bu dəstək yerli texnoloji ekosistemin qlobal trendlərlə ayaqlaşmasına birbaşa xidmət edəcək.

Faiq KƏRİMOĞLU