Azərbaycan məhsullarının Yaponiya bazarına çıxış imkanları genişləndiriləcək

2026.03.18 17:15 (UTC+04:00)

“Azexport” portalı ilə Yaponiyanın 5000-dən artıq üzvü olan “Shinseikai” biznes platforması arasında Anlaşma Memorandumu imzalanıb.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatına görə, əməkdaşlıq sənədi Azərbaycan məhsullarının Yaponiya bazarına çıxış imkanlarının genişləndirilməsi və iki ölkənin sahibkarları arasında birbaşa “B2B” əlaqələrin qurulmasını hədəfləyir.

Memoranduma əsasən, tərəflər tekstil, kənd təsərrüfatı, qida sənayesi, logistika və digər strateji sektorları təmsil edən şirkətlər arasında davamlı ticarət əlaqələrinin inkişafı istiqamətində birgə fəaliyyət göstərəcəklər. Əsas diqqət ixrac prosesində qarşıya çıxan texniki standartlar, sertifikatlaşdırma tələbləri və logistik əməliyyatların birgə səylərlə təkmilləşdirilməsinə, məhsulların rəqəmsal mühitdə tanıdılmasına yönəldiləcək.

Razılaşmaya əsasən, yaxın gələcəkdə Memorandumun icrası çərçivəsində hər iki ölkə sahibkarlarının iştirakı ilə silsilə onlayn “B2B” görüşlərin və ixrac prosedurları üzrə maarifləndirici tədbirlərin keçirilməsi nəzərdə tutulur.