Kənd nemətləri şəhər süfrəsində: keyfiyyət və münasib qiymət necə təmin olunur? MƏQALƏ

2026.03.17 15:03 (UTC+04:00)

Hər il olduğu kimi, bu il də bayram günlərində yerli fermerlərin məhsullarının bazara çıxışını dəstəkləmək və şəhər sakinlərinin təbii, yerli, sağlam kənd məhsullarına əlçatanlığını təmin etmək məqsədilə "Kənddən Şəhərə" yarmarkaları təşkil edilib. Martın 7-dən etibarən paytaxt və rayonlarda 12 məntəqədə keçirilən yarmarkalarda 25 regiondan 146 fermer 145 çeşiddə kənd təsərrüfatı və qida məhsullarını satışa çıxarmaq imkanı qazanıblar.

Belə yarmarkalar sahibkarlar üçün öz təbii məhsullarını alternativ kanallarla satışa çıxarmaq baxımından mühüm fürsət təqdim edir. Üstəlik, fermerlərə satış prosesində müxtəlif növ əlavə dəstək də göstərilir ki, “vergiler.az” məhz sahibkarlar üçün nəzərdə tutulan bu güzəştlərin detallarını Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Aqrar Tədarük və Təchizat" ASC ilə dəqiqləşdirib.

Sumqayıtdan Ağdaşa, Bakıdan Xankəndiyə: yarmarkalar bütün ölkədə

13–17 mart tarixlərində paytaxtın müxtəlif nöqtələrində – “Əhmədli”, “Neftçilər”, “Nəriman Nərimanov”, “Azadlıq prospekti” və “Elmlər Akademiyası” metrostansiyalarının yaxınlığında Novruz yarmarkaları qapılarını sakinlərin üzünə açıb. "Kənddən Şəhərə" yarmarkası təkcə Bakı ilə məhdudlaşmayıb və digər regionları da əhatə edib. Belə ki, Sumqayıt, Xankəndi, Ağdaş, Abşeronun Mehdiabad qəsəbəsinin sakinləri də yarmarkalardan faydalanaraq bayram süfrələrini təbii kənd məhsulları ilə bəzəmək imkanı əldə ediblər.

Ödənişsiz satış yeri, tərəzi...

“Aqrar Tədarük və Təchizat" ASC-dən bildirilib ki, qurum fermer və sahibkarlara birbaşa dəstək göstərir. Belə ki, yarmarkalarda iştirak etmək istəyən fermerlər “qaynar xətt”ə zəng edərək müraciət edirlər. Qeydiyyatdan keçən sahibkarlar üçün piştaxta ödənişsiz təmin olunur. Fermerlər yarmarka başlamazdan bir gün əvvəl məhsullarını gətirib özlərinə ayrılmış yerlərdə yerləşdirir və rahatlıqla satış prosesinə başlayırlar. Yaradılan şərait yalnız yer təminatı ilə də məhdudlaşmır. Sahibkarların məhsullarını rahat və gigiyenik qaydalara uyğun şəkildə satışa çıxarmaları üçün önlük, tərəzi və soyuducu kimi zəruri avadanlıqlar da ödənişsiz təqdim edilir. Göstərilən texniki dəstək fermerlərə məhsullarını daha səliqəli və düzgün formada təqdim etməyə imkan yaradır ki, bu da alıcı və satıcılar üçün daha əlverişli ticarət mühiti deməkdir.

Bazar araşdırmaları və qiymət tənzimlənməsi

"Aqrar Tədarük və Təchizat" ASC-nin dəstəyi təkcə texniki təchizatla bitmir. Qurumdan bildiriblər ki, qiymət siyasətinin tənzimlənməsində də fermerlərə yaxından kömək edirlər. Belə ki, ASC mütəmadi olaraq bazarlar və marketlərdə monitorinqlər apararaq qiymət araşdırmaları həyata keçirir. Bunun əsasında fermerlərə tövsiyə xarakterli qiymətlər təklif olunur. Digər tərəfdən, yarmarkalarda iştirakın ödənişsiz olması fermerlərə əlavə xərcdən azad olmağa və nəticədə alıcılara daha sərfəli, münasib qiymətlərlə məhsul təklif etməyə imkan yaradır.

Səyyar yarmarkalar: fermerlərin yol yükü azalır

Bakıya gəlmək imkanı olmayan fermerlər də diqqətdən kənarda deyillər. Belə ki, regionlarda keçirilən səyyar yarmarkalar sayəsində yerli istehsalçılar öz məhsullarını birbaşa yaşadıqları ərazilərdə satışa çıxara bilirlər. Bu təşəbbüs çərçivəsində martın 16-da Cəbrayıl rayonunun Horovlu kəndində, martın 17-də isə Zəngilan rayonunun Ağalı kəndində səyyar yarmarkalar təşkil olunub.

Keyfiyyəti yerində yoxlama imkanı

Yarmarkalarda təqdim olunan məhsulların keyfiyyəti və təhlükəsizliyi də ön plandadır. Bu prosesə bilavasitə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət edir. Yarmarka keçirilən yerlərdə səyyar qida laboratoriyaları fəaliyyət göstərir ki, istənilən alıcı keyfiyyəti yerindəcə yoxlatdıra bilər.

"Aqrar Tədarük və Təchizat" ASC əmin edir ki, bütün məhsullar ciddi nəzarətdən keçirilir və analiz olunduqdan sonra satışa buraxılır. Bu, alıcıların sağlamlığını qorumaqla yanaşı, istehlakçıların yarmarkaya olan etimadını artırır.

Faiq KƏRİMOĞLU