Azərbaycan məhsulları “ProWein” sərgisində nümayiş olunur

2026.03.17 13:29 (UTC+04:00)

Almaniyanın Düsseldorf şəhərində “ProWein 2026” – 30-cu Beynəlxalq Şərab və Spirtli İçkilər Sərgisi keçirilir.

İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-nun təşkilatçılığı ilə Azərbaycanın 11 şirkəti məhsullarını “Made in Azerbaijan” vahid ölkə stendində təqdim edir. Stenddə müxtəlif növ şərab və digər spirtli içki məhsulları nümayiş olunur, dequstasiyalar keçirilir. Azərbaycan məhsulları sərgi iştirakçıları tərəfindən maraqla qarşılanır. Həmçinin sahibkarlar arasında ixraca dair müzakirələr aparılır.

Stenddə ölkəmizdə sahibkarlara göstərilən dəstək mexanizmləri, əlverişli biznes və investisiya mühiti, iştirakçı şirkətlər barədə təşviqat material və videoçarxları təqdim edilir.

Qeyd edək ki, 1994-cü ildən keçirilən “ProWein” sərgisi şərab və spirtli içkilər sahəsində dünyanın aparıcı beynəlxalq platformalarından biridir. 15-17 mart tarixlərində keçirilən builki sərgi 60-dan çox ölkədən təxminən 4 min iştirakçını bir araya gətirib.

Azərbaycan sərgidə dördüncü dəfə iştirak edir.