Bakı Neft Emalı Zavodunun yenidən qurulması 2025-ci ilədək başa çatdırılacaq

2019.08.30 16:42 (UTC+04:00)

SOCAR-ın Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun modernləşdirilməsi və yenidən qurulması layihəsinin 2025-ci ilədək başa çatdırılması planlaşdırılıb. Bu fikirləri jurnalistlərə açıqlamasında layihənin direktoru Nihal Allahverdiyev deyib. Bildirilib ki, layihənin birinci mərhələsi çərçivəsində inşa olunan bitum istehsalı qurğusu və maye qazdoldurma stansiyaları 2018-ci ilin sonunda istismara verilib. Layihənin növbəti mərhələləri üzrə işlər iki yerə bölünüb – yeni qurğulara (Paket A) və rekonstruksiya ediləcək qurğulara (Paket B).

Paket A üzrə işlərin icrasına sabit qiymət əsasında İtaliyanın "Tecnimot-KT" alyansı cəlb edilib. Bu paket çərçivəsində dizel yanacağının hidrotəmizlənməsi, benzinin hidrotəmizlənməsi, kükürdün alınması, izpmerləşmə, MTBE, hidrogen alınma, maye qazın hidrotəmizlənməsi üzrə Merox, C4/C5 fraksiyalarrının hidrotəmizlənməsi qurğularının, eləcə də ümumzavod təsərrüfatı üzrə bir sıra qurğuların inşası nəzərdə tutulub. Bu paket üzrə detallı layihələndirmə işlərinin təxminən 90 faizi, satınalma işlərinin 72 faizi, tikinti işlərinin isə 17 faizi icra olunub.

Paket B-nin icrası üçün İspaniyanın "Tecnicas Reunidas" şirkəti cəlb edilib. Layihə üzrə ELOU-AVT, Katalitik Krekinq, Katalitik Riforminq, Naftanın hidrotəmizlənməsi, vakuum qazoylun hidrotəmizlənməsi, amin regenerasiya və əlavə hidrogen istehsalı qurğularının, mövcud ümumzavod təsərrüfatının rekonstruksiya edilməsi nəzərdə tutulub. Buna baxmayaraq, səmərəlilik baxımından bu qurğuların yeniləri ilə əvəz edilməsinə qərar verilib.

Paralel olaraq, 2021-ci ildə ölkədə Avro-5 standartlarına cavab verən avtomobil yanacaqlarının istehsalının yaradılması, yeni qurğuların istismara verilməsinə qədər mövcud qurğuların növbəti 4-5 il ərzində etibarlı istismarının təmin edilməsi məqsədilə adıçəkilən qurğularda müəyyən kiçik yenidənqurma işlərinin həyata keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, yenidənqurma və modernizasiya işlərinin aparılmasından sonra zavodun gücü 6 mln. tondan 7,5 mln. tona çatdırılacaq.